Bank Of Baku

Sabah Bakıda “Xəzər: ətraf mühit üçün texnologiyalar” Beynəlxalq Ətraf Mühit Sərgisi açılacaq

Sabah Bakıda “Xəzər: ətraf mühit üçün texnologiyalar” Beynəlxalq Ətraf Mühit Sərgisi açılacaq
# 01 noyabr 2011 10:49 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Sabah Bakıda ətraf mühitin mühafizəsinə həsr olunmuş “Xəzər: ətraf mühit üçün texnologiyalar” Beynəlxalq Ətraf Mühit Sərgisi (“CTE-2011”) keçiriləcək. APA-nın məlumatına görə, Böyük Britaniyanın “ITE Group plc” şirkəti və onun Qafqazdakı tərəfdaşı “Iteca Caspian” şirkətinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə keçiriləcək sərgidə ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan rasional istifadə sahəsində innovasiya layihələri kompleks şəkildə təqdim olunacaq.

Bu gün sərgi ilə əlaqədar keçirilən mətbuat konfransında çıxış edən “ITE Group plc” şirkətinin icraçı direktoru Edvard Stroon bildirib ki, sərgidə 13 ölkədən 75 şirkət və qurum iştirak edəcək. İştirakçılar arasında Azərbaycan, İsrail, Fransa, Türkiyə, Çexiya və digər ölkələrin nümayəndələri var. Almaniya və Latviya isə bu sərgidə öz milli qrupları ilə təmsil olunacaq: “Sərgi çərçivəsində təbii ehtiyatlardan səmərəli istifadə, habelə külək, su və torpaq kimi bərpa olunan resurslar sahəsində ən yeni layihələr təqdim olunacaq, alternativ enerji mənbələri üçün, eləcə də suyun təmizlənməsi üzrə ən müasir avadanlıq nümunələri nümayiş etdiriləcək”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin müdiri Rasim Səttarzadə qeyd edib ki, 2010-cu ilin Azərbaycanda “Ekologiya ili” elan edilməsi ətraf mühitin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərə təkan verməklə yanaşı, “CTE-2011” sərgisinin keçirilməsini də şərtləndirib. R. Səttarzadənin sözlərinə görə, hazırda Azərbaycan ətraf mühitin mühafizəsi üzrə ölkə üçün aktual sayılan bütün beynəlxalq konvensiyalara üzvdür və nazirliyin nəzdində İctimai Ekoloji Şura yaradılıb.

Qeyd edək ki, “CTE-2011” sərgisi çərçivəsində noyabr ayının 3-də “Ətraf mühit texnologiyaları və yaşıl iqtisadiyyat imkanları” mövzusunda konfrans keçiriləcək. Sərgi noyabrın 4-də başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR