Bank Of Baku

Zabrat sakinləri “Baku Oksigen Company” ASC-nin köçürülməsini tələb edirlər - ARAŞDIRMA - FOTOSESSİYA

Zabrat sakinləri “Baku Oksigen Company” ASC-nin köçürülməsini tələb edirlər - <font color=red>ARAŞDIRMA - FOTOSESSİYA</font>
# 24 yanvar 2012 09:13 (UTC +04:00)
Nəticədə Bakı şəhəri və ətrafında torpağa tələbat dəfələrlə artıb. Çirklənmiş torpaqlarda, zərərli və təhlükəli məhsullar istehsal edən sənaye müəssisələrinin yaxınlığında qəsəbələrin yaranması bu prosesin tərkib hissəsinə çevrilib. Belə qəsəbələrdən biri də Bakının Sabunçu rayonunun 1-ci Zabrat qəsəbəsində, “Baku Oksigen Company” ASC-nin yaxınlığında yaranan yaşayış məntəqəsidir.

“Baku Oksigen Company” ASC əsasən oksigen, azot, arqon, texniki hidrogen istehsalı ilə məşğul olan sənaye müəssisəsidir. Zavod sovet dövrünün 80-ci illərdə tikilərək istifadəyə verilib. Əvvəlcə tam gücü ilə işləməsə də, sonradan xarici investisiyanın köməyi ilə zavod təyinatı üzrə fəaliyyət göstərməyə başlayıb. Qəsəbə sakini Əlişad Mirzəyev APA-ya deyib ki, bu ərazidə yerli icra orqanının razılığı ilə torpaq alaraq ev tikiblər: “Naməlum kimyəvi elementlərin qoxusu ərazini bürüyüb. Deyilənə görə, bu, kükürd qoxusudur. Bu zavodda zərərli maddələrin istehsal olunduğunu bilirik. Gecə saatlarında bu qoxu daha kəskin olur. Evlərin pəncərələrini aça bilmirik”. Ə. Mirzəyev müəssisənin ərazidən köçürülməsini istədiklərini bəyan edib: “Bu cür zavodlar yaşayış məntəqəsindən minimum 2-3 kilometr kənarda yerləşməlidir. Hər an partlayış təhlükəsi var”.

Qamət Zalov isə zavodun 10 metrliyində yerləşən bərbərxanada çalışır. O, 2009-cu il martın 8-də bu müəssisənin törətdiyi fəsadla qarşılaşıb: “Səhər saat 11.00 radələrində bərbərxanada işləyirdim. İki azyaşlı uşaq valideynləri ilə birgə salonda idilər. Birdən güclü titrəyiş və partlayış hiss etdim. Hər şey bir anda baş verdi. Bir az sonra gördüm ki, zavodun bizim küçəyə tərəf olan hissəsində fəaliyyət göstərən avadanlığın pərlərindən biri qoparaq bərbərxananın qapısına dəyib. Yaxşı ki, pər uzun idi, yoxsa hamımız ölərdik”. O, zavoddan buraxılan tüstünün insan orqanizmi üçün təhlükəli olduğunu vurğulayıb: “Bir neçə il əvvəl sakinlər zavodun buradan çıxarılması üçün hökumətə müraciət etmək istəyirdilər. Lakin sakinlərdə birlik yoxdur. Ona görə də ortaya çıxan olmadı”. Q. Zalov qeyd edib ki, qəsəbədə ağaclar da normal inkişaf etmir.

Sakinlərlə söhbətimiz zamanı məlum olub ki, əhali 1995-ci ildən bu qəsəbədə məskunlaşmağa başlayıb. Yerli icra orqanının razılığı ilə vətəndaşlar nəzərdə tutulan torpaq sahələrində ev tikiblər. Yerli dövlət qurumları “ənənəvi” üsulla əhalinin ev tikmək istəyinə qarşı çıxmayıblar. Evlərin inşası üçün zəruri sənədlərin vacibliyi də nəzərə alınmayıb. Sakinlər bu məsələdə özlərini günahkar saymır və müəssisənin köçürülməsini tələb edirlər.

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov isə məsələnin həlli yollarını fərqli görür. O, APA-ya bildirib ki, müəssisənin köçürülməsi üçün 300-500 milyon manat vəsait xərclənməlidir: “Vətəndaşların zavodun ətrafından köçürülməsinə isə dəfələrlə az maliyyə lazım gələ bilər”. T. Zeynalov qeyd edib ki, müəssisədə zəhərləyici, insan orqanizminə mənfi təsir göstərən maddələrlə yanaşı, ətraf mühit üçün də təhlükəli məhsullar hazırlanır: “Zavodun ətrafında insanların yaşaması çox təhlükəlidir. Orada bitki örtüyü də normal inkişaf edə bilməz”. Ekoloq bu ərazindən sakinlərin köçürülməsinin vacibliyini vurğulayıb: “Müəyyən dövrdən sonra orada yaşayan insanlarda, əsasən də uşaqlarda müxtəlif cür xəstəliklər əmələ gələ bilər. Bundan heç kim sığortalana bilməz”.

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan qanunvericiliyinə əsasən ətraf mühitin vəziyyətinə nəzarət məqsədilə sanitariya-gigiyena və ekoloji normativlərə riayət edilməsi vacibdir. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əmək gigiyenası və ətraf mühitin mühafizəsi bölməsinin müdiri Teymur Teymurov APA-ya deyib ki, bu tip sənaye müəssisələrinin təhlükəlilik dərəcəsi qanunvericiliklə müəyyənləşib: “Sənaye müəssisələrinə aid olan tələblərdə oksigen, azot, arqon, texniki hidrogen istehsalı ilə məşğul olan müəssisələrin təhlükəlilik dərəcəsi 5-ci sinfə aiddir. Bu cür sənaye müəssisələri ilə yaşayış məntəqəsi arasında məsafə minimum 50 metr olmalıdır”.

T. Teymurov müəssisədə istehsal olunan məhsulların tullantılarının insan orqanizmi üçün hansı fəsadlar törədə biləcəyinin müəyyənləşməsi üçün laborator müayinələrə ehtiyac olduğunu bildirib: “Həmin prosesdən sonra tullantı maddələrinin təhlükəlilik dərəcəsi müəyyənləşdirilə bilər. Bunun da sanitar normaları mövcuddur”.

Qəsəbədə olduğumuz zaman müəssisə rəhbərliyinin mövqeyini də öyrənməyə cəhd etdik. Təəssüf ki, yalnız mühafizə xidmətinin əməkdaşları ilə söhbət edə bildik. Onlar bildirdilər ki, müəssisə fəaliyyəti zamanı bütün təhlükəsizlik qaydalarına riayət edir: “Bu zavod uzun illərdir burada fəaliyyət göstərir, vətəndaşların müəssisənin şəhərdən kənara köçürülməsi ilə bağlı tələbləri əsassızdır”.

Zavodun tullantılarının törətdiyi və ya törədə biləcəyi fəsadlarla bağlı sakinlərin narahatlığına da müəssisə rəhbərliyinin cavabını öyrənmək mümkün olmadı. Lakin müəssisədən bildirildi ki, “Baku Oksigen Company” ASC “Baku Stell Company”nin tabeçiliyində fəaliyyət göstərdiyindən mətbuatın suallarını həmin qurum cavablandıra bilər. “Baku Stell Company”nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Əhmədov APA-ya açıqlamasında adıçəkilən sənaye müəssisəsi istifadəyə verildiyi zaman ətrafında yaşayış məntəqəsi olmadığını diqqətə çatdırıb: “Bu evlərin və digər tikililərin zavodun ətrafında inşasının qanuni şəkildə həyata keçirilib-keçirilmədiyini əlaqədar qurumlar araşdırmalıdır. Vətəndaş haqlıdırsa, bu başqa məsələ. Hər bir halda bütün məsələlər araşdırılmalı və qanun çərçivəsində vətəndaşın da hüququ qorunmalıdır”.

Araşdırma zamanı bu qənaətə gəldik ki, zərərli məhsullar istehsal edən müəssisənin yaxınlığında yaşayış məntəqəsinin yaranmasından yerli icra qurumu xəbərsiz olmayıb. Lakin bütün cəhdlərimizə baxmayaraq, Sabunçu rayon İcra Hakimiyyətinin mövqeyini öyrənə bilmədik.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR