Bank Of Baku

Azərbaycanda vətəndaş cəmiyyəti üçün Milli Gündəlik qəbul olunub

Azərbaycanda vətəndaş cəmiyyəti üçün Milli Gündəlik qəbul olunub
# 17 may 2012 08:50 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Azərbaycanda vətəndaş cəmiyyəti: dəyişikliklər üçün Milli Gündəlik” mövzusunda I Vətəndaş Cəmiyyəti Forumu keçirilib. APA-nın məlumatına görə, tədbirin təşkilatçısı, İctimai Təşəbbüslər Mərkəzinin sədri Qubad İbadoğlu giriş nitqində ölkədə QHT-lərin qeydiyyatı, aldıqları qrantların qeydiyyatı, maliyyələşdirilməsi, ödənişləri, dayanıqlıq indeksi haqqında danışıb. O deyib ki, 2001-2010-cu illərdə ən çox QHT-lərin dövlət qeydiyyatına alınması prosesi 2006-cı ildə həyata keçirilib. Təkcə 2006-cı ildə 548 QHT dövlət qeydiyyatına alınıb. 2010-cu ildə isə bu rəqəm 124 olub.

Şərqi Avropa və MDB ölkələrində dövlət qeydiyyatında olan QHT-lərin sayına gəlincə, Q. İbadoğlu bildirib ki, Azərbaycanda hər min nəfərə 3 QHT düşür. O, QHT-lərin maliyyəsinin xərclənməsinin sahəvi strukturuna da toxunub: “Elm, təhsil və maarifləndirmə sahəsinə 30 faiz, uşaq və gənclərin problemlərinə 11 faiz, turizm və mədəniyyət sahəsinə 7 faiz, insan hüquqlarına isə 6 faiz ayrılan ümumi məbləğdən vəsait ayrılır”.

İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Sabit Bağırov “Azərbaycanda vətəndaş cəmiyyəti üçün Milli Gündəliyin” təqdimatını edib. QHT-lərin dövlət qeydiyyatına alınmasında problemlər yaradıldığını deyən S. Bağırov bu problemin aradan qaldırılmasının zəruriliyini vurğulayıb. O deyib ki, hər il beynəlxalq təşkilatlar QHT-lərin dövlət qeydiyyatına alınmasında yaradılan maneələrlə bağlı hökumətə öz iradlarını bildirirlər.

Sonra mövzu ilə bağlı müzakirələr aparılıb. Müzakirələrdə bildirilib ki, bu gün QHT-lərin əsas problemlərindən biri donor, maliyyələşmə, hökumətlə əməkdaşlıq məsələləridir. İclasda vətəndaş cəmiyyəti sektorunun gücünün artırılması istiqamətində fəaliyyətin artırılmasının əhəmiyyəti vurğulanıb, həmçinin bölgələrdə QHT-lərin fəaliyyətində yaranan problemlərə diqqət yönəlib. Forumda belə bir tədbirin bölgələrdə keçirilməsinə dair təkliflər də səslənib.

Tədbirdə vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri Novella Cəfəroğlu, Zərdüşt Əlizadə, Rasim Musabəyov və digərləri çıxış edib.

Sonda QHT-lərin qeydiyyatı, fəaliyyəti, iqtisadi fəaliyyət və vergiqoyma, o cümlədən qərarların qəbulunda ictimai iştirakçılıq müddəalarının əks olunduğu Azərbaycanda vətəndaş cəmiyyəti üçün Milli Gündəlik qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR