16 yaşına çatmayan şəxsləri nişanlamaya görə inzibati həbs tətbiq olunacaq

16 yaşına çatmayan şəxsləri nişanlamaya görə inzibati həbs tətbiq olunacaq
# 21 iyun 2024 14:22 (UTC +04:00)

On altı yaşına çatmayan şəxs barəsində evliliyə dair sövdələşməyə daxil olmaya görə cərimə və cəzalar müəyyənləşir.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 189-1-ci maddədə əksini tapıb.

Layihəyə əsasən, 16 yaşına çatmayan şəxs barəsində onun və ya evliliyə daxil olmaq niyyətində olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya evliliyə daxil olmaq niyyətində olan yetkinlik yaşına çatmış şəxs tərəfindən nişanlanmaya və ya evliliyə dair digər sövdələşməyə daxil olmağa görə min manatdan iki min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunacaq.

Qeyd edilib ki, bu maddədə nəzərdə tutulmuş əmələ görə inzibati məsuliyyət həmin əməli törətmiş evliliyə daxil olmaq niyyətində olan yetkinlik yaşına çatmış şəxsə münasibətdə bu şəxslə zərərçəkmiş şəxsin yaş fərqi beş ildən çox olduqda yaranacaq.

Nəzərə çatdırılıb ki, təcrübədə bir çox hallarda yetkinlik yaşına çatmayanlar barəsində keçirilən elçilik, nişan mərasimlərinin qarşısının alınması məsul dövlət orqanları üçün çətinliklər yaradır. Bu cür sövdələşmələr və mərasimlər faktiki ailənin qurulması halı olmasa da, uşaq hüquqlarının məhdudlaşdırılmasına, təhsildən yayınmasına, uşaq psixologiyasında ciddi fəsadlara səbəb olur. Bu əməllərin qarşısının alınması üçün İnzibati Xətalar Məcəlləsinə 189-1-ci maddənin daxil edilməsi təklif olunur.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR