Bank Of Baku

Politoloq: İranlı nazirin mövqeyi dövlətlərarası münasibətlərdə qəbulolunmaz yanaşmadır

Politoloq: İranlı nazirin mövqeyi dövlətlərarası münasibətlərdə qəbulolunmaz yanaşmadır
# 26 oktyabr 2026 15:16 (UTC +04:00)

İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın Azərbaycanda təhsil məsələləri ilə bağlı videomüraciəti, mövqeyi dövlətlərarası münasibətlərdə qəbulolunmaz yanaşmadır.

Bunu APA-ya açıqlamasında "Prioritet" Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin sədri Zaur İbrahimli bildirib.

Zaur İbrahimli deyib ki, bu cür çıxışlar qonşu dövlətin suveren hüquqlarına hörmət prinsipi ilə uzlaşmır: “Təhsil sistemi hər bir dövlətin milli qanunvericiliyinə, ictimai ehtiyaclarına və inkişaf strategiyasına uyğun formalaşdırılır. Bu sahədə xarici rəsmilərin ictimai müzakirə yaratmaq adı altında digər ölkənin seçimlərini hədəfə alması diplomatik etiket baxımından da suallar doğurur. Xüsusilə, məktəbli qızların geyimi kimi məsələlərin dini və siyasi qarşıdurma predmetinə çevrilməsi cəmiyyətlər arasında anlaşmanı gücləndirmək əvəzinə, fikir ayrılıqlarını dərinləşdirə bilər”.

Suverenliyə hörmət qarşılıqlı olmalıdır

"Prioritet" Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin sədri qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlət idarəçiliyinin bütün sahələrində olduğu kimi, təhsil siyasətində də öz qərarlarını müstəqil şəkildə qəbul edir: “Dünyəvilik, milli dəyərlər və müasir təhsil standartları ölkənin ictimai inkişaf modelinin mühüm elementləridir. Bu prinsiplərin tətbiqi Azərbaycanın daxili səlahiyyətlərinə aiddir və kənardan hər hansı müdaxilə cəhdi yolverilməzdir. Dövlətlərarası münasibətlərdə suverenliyə hörmət birtərəfli tələb deyil, qarşılıqlı öhdəlikdir. Hər hansı ölkənin rəsmisi başqa bir dövlətin qanunları və ictimai qaydaları barədə danışarkən ilk növbədə bu prinsipə əməl etməlidir. Təhsil mövzusundan istifadə etməklə siyasi mesajlar vermək, cəmiyyətin həssas məsələlərini qabartmaq və dini fərqləri qarşıdurma vasitəsinə çevirmək konstruktiv münasibətlərə xidmət etmir”.

İranda azərbaycanlıların ana dilində təhsil məsələsi diqqətdən kənarda qalmamalıdır

Zaur İbrahimli bildirib ki, İran rəsmilərinin təhsil hüquqları ilə bağlı mövqeyi müzakirə edilərkən bu ölkədə yaşayan azərbaycanlıların dil və təhsil imkanları məsələsi də nəzərə alınmalıdır: “İranın Konstitusiyasının 15-ci maddəsi soydaşlarımızın ana dilində tədriz almaq hüququnu nəzərdə tutur. Bununla belə, Azərbaycan dilində tamhüquqlu təhsil imkanlarının yaradılması məsələsi hələ də ictimai müzakirələrin mövzusu olaraq qalır. Milyonlarla insanın ana dilində təhsil almaq imkanları ilə bağlı tələbləri mövcud olduğu halda, İran rəsmilərinin başqa ölkədəki təhsil qaydalarını mübahisə predmetinə çevirməsi ziddiyyətli mənzərə yaradır. Dil hüquqları yalnız siyasi bəyanatlarda xatırlanmamalı, real təhsil imkanları ilə təmin olunmalıdır. Digər tərəfdən, İranın qadınların geyimi ilə bağlı tətbiq etdiyi məhdudiyyətlər də ictimai müzakirələrin predmetidir”.

Dialoq və qarşılıqlı ehtiram əsas götürülməlidir

Politoloq qeyd edib ki, Azərbaycan qonşu ölkələrlə münasibətlərdə qarşılıqlı hörmətə, bərabərliyə və beynəlxalq hüququn prinsiplərinə əsaslanan əməkdaşlığın tərəfdarıdır: “Bu yanaşmada ölkənin daxili işlərinə müdaxilə cəhdlərinin qəbul edilməzdir. İran rəsmiləri başqa dövlətlərin daxili məsələlərini müzakirəyə çıxarmaq əvəzinə, öz ölkələrində dil hüquqları, təhsilə çıxış və sosial bərabərliklə bağlı məsələlərin həllinə diqqət yetirməlidirlər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR