Ağdərənin Kolatağ kəndinə bu gün köçürülən sakinlərə evlərinin açarları təqdim olunub.
APA-nın xəbərinə görə, ilk mərhələdə köçürülən 89 nəfərdən ibarət 26 ailəyə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin rəsmiləri iştirak ediblər. Kolatağ kəndində daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş fərdi yaşayış evlərində mənzillər verilib.
Qeyd edilib ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.
***
14.20
İlk köç karvanı Ağdərənin Kolatağ kəndinə çatıb.
APA-nın xəbərinə görə, ilk mərhələdə Ağdərə rayonunun Kolatağ kəndinə 26 ailə - 89 nəfər köçürülüb.
***
12.18
Ağdərə rayonunun Kolatağ kəndinə ilk köç karvanı yola salınıb.
APA-nın Qarabağ bürosu xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. İlk mərhələdə Ağdərə rayonunun Kolatağ kəndinə 26 ailə - 89 nəfər köçürülür.