Bank Of Baku

Alim: Məktəblərdə vahid geyim forması ilə bağlı qərar çoxdan qəbul edilməli idi

Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli

© APA | Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli

# 14 oktyabr 2026 14:34 (UTC +04:00)

“Son günlər kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə, ümumilikdə, ölkədə heç bir əsası olmadan yayılan “Azərbaycanda hicab qadağan olunur” iddiası tamamilə əsassızdır”.

Bunu APA-ya açıqlamasında Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli deyib.

“Bu vəziyyət hər kəsi, o cümlədən bizi – ziyalıları dərindən narahat edir. Əvvəla, ona görə ki, Azərbaycan hökumətinin məktəblərdə vahid geyim forması ilə bağlı qərarı, bəlkə də, çoxdan qəbul edilməli idi. Məsələn, Naxçıvan Muxtar Respublikasında ən azı 20 ildir ki, həm müəllimlərin, həm də şagirdlərin vahid geyim forması var və bu qaydaya ciddi əməl olunur”, – o bildirib.

Eynulla Mədətli qeyd edib ki, məktəblərdə vahid geyim formasının tətbiqi dünya praktikasında geniş yayılmış təcrübədir:

“Hətta Afrikanın ən geridə qalmış ölkələrində belə məktəblərin vahid geyim forması var. Bunun isə hicabla heç bir əlaqəsi yoxdur. Əvvəla, ona görə ki, Azərbaycan sivil, dünyəvi dövlət olsa da, hicaba qarşı yönəlmiş hər hansı qanunu yoxdur. Heç bir qanunda, o cümlədən konstitutsiyamızda hicabın qadağan olunması ilə bağlı müddəaya rast gələ bilməzsiniz. Hicablı qadınlara cəmiyyətimizin hər yerində – müəssisələrdə, təşkilatlarda, elmi müəssisələrdə, küçələrdə və ictimai məkanlarda rast gəlmək mümkündür. Əgər belə bir qadağa olsaydı, bu hər kəsə bəlli olardı. Deməli, xaricdəki müəyyən radikal qrupların və ya siyasi qüvvələrin təhriki, təşəbbüsü və iştirakı ilə sosial şəbəkələr vasitəsilə Azərbaycan cəmiyyətinə, xüsusilə də cəmiyyətin birliyinə, dövlətlə xalq arasındakı həmrəyliyə zərər vurmaq məqsədilə bu məsələ qəsdən gündəmə gətirilir. Hesab edirəm ki, bunun heç bir əsası yoxdur və ən geci bir neçə gündən sonra məsələ öz yoluna düşəcək. Çünki hicablı şagirdlərin valideynləri də başa düşəcəklər ki, məktəblərdə vahid geyim formasının tətbiqi müəyyən standartların, o cümlədən sosial bərabərliyin təmin olunması baxımından çox faydalıdır”.

Alimin sözlərinə görə, müəllim və şagirdlərin müxtəlif geyim formalarında məktəbə gəldikləri hallarda varlı-kasıb fərqi ön plana çıxır, kəskin sosial təzadlar meydana gəlirdi: “Vahid geyim forması ilə bunların qarşısı alınacaq. Belə forma həm estetik baxımdan göz oxşayır, həm də nizam-intizamın təmin olunmasına xidmət edir. Bu həm şagirdlərin, həm də müəllimlərin tədrisə və təhsilə daha çox köklənməsinə yönəlmiş bir addımdır. Üstəlik, hökumətin qərarında təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edən bir sıra digər tədbirlər də nəzərdə tutulub. Yəni bu məsələ birbaşa təhsilin keyfiyyəti ilə bağlı deyil, ümumi təhsil mədəniyyəti, məktəb, şagird və valideyn münasibətləri ilə əlaqədardır. Düşünürəm ki, Azərbaycan ziyalıları hökumətimizin bu qərarını dəstəkləməlidirlər. Çünki bu bizim yolumuzdur. Azərbaycanı sivil inkişaf yolundan heç bir qüvvə döndərə bilməz. Bu, elə bir məsələdir ki, hansısa güzəştə getmək qətiyyən olmaz. Azərbaycan öz yolu ilə getməlidir. Hesab edirəm ki, bu qərarın hər bir bəndi və hər bir maddəsi mütləq yerinə yetirilməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR