Xəzər dənizinin suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı zavodunun tikintisi layihəsi üzrə hazırda maliyyə danışıqları davam etdirilir.
"APA-Economics" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Layihələrin idarə olunması şöbəsinin Dövlət-özəl tərəfdaşlığı sektorunun müdiri Türkan Vüsət Bakıda keçirilən III Milli Rəqabət Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu, Azərbaycanda dövlət-özəl tərəfdaşlığı mexanizmi çərçivəsində həyata keçirilən ilk pilot layihədir.
Layihə üzrə müsabiqənin qalibi Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti olub və ötən il müvafiq müqavilə imzalanıb.
T.Vüsət bildirib ki, layihə çərçivəsində 407 milyon ABŞ dolları həcmində investisiyanın cəlb edilməsi nəzərdə tutulur. Bu, ölkəyə qeyri-neft sahəsində iri investisiyaların və müasir texnologiyaların cəlb edilməsi baxımından əhəmiyyətlidir.
O qeyd edib ki, dövlət-özəl tərəfdaşlığı layihələri üzrə investorların seçilməsi iki model əsasında həyata keçirilir: açıq müsabiqə və birbaşa danışıqlar.
Açıq müsabiqədə əvvəlcədən müəyyən edilmiş qiymət, keyfiyyət və texniki tələblərə uyğun ən yaxşı təklifi təqdim edən investor qalib seçilir.
Birbaşa danışıqlar isə qanunvericiliklə müəyyən edilmiş üç halda mümkündür: bazarda müvafiq texnoloji həlli təqdim edən yeganə şirkətin olması, məxfilik tələb edən müdafiə və təhlükəsizlik layihələri, yaxud müsabiqədə yalnız bir investorun uyğun təklif təqdim etməsi.