Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə tədbirləri çərçivəsində “Təlimçilərin Təlimi” (Train-the-trainer) proqramı üzrə kurslar davam edir.
Bu barədə APA-ya ANAMA-dan bildirilib.
Xəbərə görə, bu istiqamətdə ANAMA-nın bir neçə beynəlxalq qurumlarla sıx əməkdaşlığı mövcuddur. Belə ki, cari ilin 23-26 avqust tarixlərində Agentlik tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) nümayəndələrinə və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) dəstəyi ilə həyata keçirilən proqram çərçivəsində təlimçilərinə partlayıcı sursatların təhlükəsinə dair “Təlimçilərin Təlimi” üzrə kurslar keçirilir.
Təlimlər müharibənin təsirinə məruz qalmış ərazilərdə məskunlaşan əhali arasında maarifləndirmə və məlumatlandırma təbliğatının düzgün və sistemli şəkildə həyata keçirilməsi məqsədi daşıyır.
Təlimdə iştirak edən əməkdaşlara ANAMA tərəfindən müvafiq sertifikatlar təqdim olunduqdan sonra nümayəndələr aidiyyəti üzrə fəalliyət göstərəcəklər.
Vətəndaşlarla maarifləndirmə işlərinin aparılması onlara təhlükəsizlik qaydalarının aşılanmasında, təbliğatın daha geniş əhali arasında yayılmasında, zərərçəkənlərin sayının azaldılmasında, eləcə də mina və partlamamış hərbi sursatlarla çirklənmiş ərazilərdə aparılan yenidənqurma və inkişaf layihələrinin həyata keçirilməsində böyük əhəmiyyət daşıyır.