Bank Of Baku

ANAMA-nın Göygöl Regional Təlim Mərkəzinə media-tur təşkil olunub - FOTO

ANAMA-nın Göygöl Regional Təlim Mərkəzinə media-tur təşkil olunub - FOTO
# 27 may 2025 11:50 (UTC +04:00)

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Göygöl Regional Təlim Mərkəzinə media-tur təşkil olunub.

APA-nın yerli bürosunun məlumatına görə, media-tur ANAMA tərəfindən Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və minatəmizləmə fəaliyyətinə cəlb olunmuş yerli şirkətlərin şəxsi heyətinə “Humanitar minatəmizləmə” və “Döyüş sahəsinin təmizlənməsi” üzrə nəzəri və praktiki dərsləri əhatə edən təlimlərlə tanışlıq məqsədi daşıyıb.

Qeyd olunub ki, agentliyin Göygöl Regional Təlim Mərkəzində keçirilən təlimlər çərçivəsində humanitar minatəmizləmə əməliyyatlarında sahənin işarələnməsi, texniki təhlükəsizlik qaydaları, minaaxtaranların vəzifə borcları, mina və partlamamış hərbi sursatların tanınması, əməliyyatlarda tətbiq edilən minaaxtarma cihazları və əl alətlərindən istifadə qaydaları, eləcə də döyüş ərazisinin təmizlənməsi metodologiyasının tətbiqi, ərazinin yerüstü və cihazla yeraltı axtarılmasına dair biliklər aşılanır.

Sahədə baş verə biləcək bədbəxt hadisə zamanı zəruri ilk tibbi yardım vərdişlərinin formalaşdırılması məqsədilə sonda müdavimlərə “İlk tibbi yardım” təlimləri keçirilir. Kursları bitirib, imtahanlardan müvəffəqiyyətlə keçən müdavimlər işğaldan azad edilmiş ərazilərdə intensiv şəkildə icra edilən minatəmizləmə əməliyyatlarına öz töhfələrini verəcək.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı baş leytenant Hüseynalı Cəlilov jurnalistlərə açıqlamasında deyib ki, Vətən müharibəsi bitdikdən sonra ərazilərin minalardan və partlamamış hərbi sursatlardan, o cümlədən müharibənin partlamamış qalıqlarından təmizlənməsi əməliyyatlarına müvafiq qurumlarla yanaşı FHN-in XRXX-nin xüsusi təyinatlı hərbi hissəsi də cəlb olunub.

Onun sözlərinə görə, mayın 5-dən başlayaraq xidmətin bir qrup əməkdaşı ANAMA-nın təşkilatçılığı ilə Göygöl rayonunda yerləşən Göygöl Olimpiya İdman Kompleksində keçirilən “Humanitar Minatəmizləmə və Döyüş sahəsinin Təmizlənməsi” təlimində iştirak edir. Təlim zamanı şəxsi heyətə ərazidə rast gəlinən və ehtimal olunan müxtəlif növ hərbi sursatların, piyada, tank və obyekt əleyhinə, partlayış dalğalı, qəlpəli minaların tanıdılması üzrə nəzəri və praktiki dərslər keçirilmiş və eləcə də humanitar minatəmizləmə və döyüş sahəsinin təmizlənməsi üzrə standartlar, təhlükəsizlik və təxliyyə qaydaları öyrədilir.

Təlimdən sonra minatəmizləmə avadanlıqlarından ibarət sərgi ilə tanışlıq olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR