Astarada bir neçə gündür davam edən güclü yağış gediş-gəlişi çətinləşdirib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, yağış əsasən Astara rayonunun Şiyəkəran kəndinin yollarında problemlər yaradıb. Küçələrdə böyük gölməçələr əmələ gəlib. Bu da sakinlərin gediş-gəlişində çətinliklərə səbəb olub. Sakinlər yollardakı gölməçələrə görə uşaqları məktəbə aparmağın çətin olduğunu bildiriblər.
Şiyəkəran kənd bələdiyyəsinin sədr əvəzi Rövşən Heydərov APA-nın cənub bürosuna bildirib ki, yolların bu vəziyyətdə olmasına səbəb, axar sular üçün su ötürücü kanalların olmamasıdır: "Dəfələrlə yollara qreder salınıb, yollar hamarlanıb. Su ötürücü kanallar olmadığı üçün yağış yağanda gölməçələr yenidən yaranır".