AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.
İnstitutdan APA-ya verilən xəbərə görə, iclasın gündəliyində duran ilk məsələ institutun sturuktur və ştat çədvəlində ediləcək dəyişiklər barədə olub. İnstitutun baş direktoru, professor Abbas Seyidov bu barədə bildirib ki, “Tarixi etnoqrafiya”, ”Müasir dövr etnoqrafiyası” və “Türk xalqlarının etnoqrafiyası” şöbələri struktur və tədqiqat baxımından AMEA-nın Folklorşünaslıq İnstitutuna daha uyğun olduğuna görə, həmin İnstituta köçürülməsi elmimizin inkişafına daha böyük töhfə verər.
”Türk xalqlarının etnoqrafiyasi” şöbəsinin müdiri t.e.d., dosent Güllü Yoloğlu bu qərarın doğruluğunu dəstəkləyib.
İkinci məsələ - “Atropatena dövrü arxeologiyası” şöbəsinin yaradılması və şöbənin adının dəqiqləşdirilməsi barədə müzakirələr gedib. Müzakirədə t.e.d., professorlar Hidayət Cəfərov, Əsədulla Cəfərov və Qafar Cəbiyev cıxış edərək bildiriblər ki, bu çox həlli vacib məsələdir və tezliklə öz həllini tapmalıdır.
Digər məsələ - Antropologiya Mərkəzinin tərkibində yeni “Tarixi Antropologiya” sektorunun yaradılması müzakirə edilib və qəbul olunub. Digər məsələ isə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstititunun mart ayında keçirəcəyi ”Novruz ənənələri: qadın yaradıcı, qoruyucu və ötürücü kimi”, aprel ayında Ulu Öndərin 100-illiyinə həsr olunan konfransın gündəliyi, may ayında keçirilməsi nəzərdə tutulan “Məhkəmə Arxeologiyası və Antropologiyası” adlı beynəlxalq elmi konfransın keçirilməsinə hazırlıqlar haqqında baş direktor geniş açıqlama verdi və tövsiyələrini bildirdi. Heydər Əliyevin 100-illiyinə həsr ediləcək konfrans materiallarının konfransadək çap olunması haqqında institutun icraçı direktoru t.ü.f.d. Zaur Həsənov məlumat verib.
Sonda dosent Vəfa Mahmudovanın müəllifi olduğu “Azərbaycanın arxeoloq qadınları” adlı monoqrafiyanın çapa verilməsi yekdilliklə qəbul edilib.