Bank Of Baku

Astarada binası qəzalı vəziyyətdə olan olan kənd məktəbi bağlanır - FOTO

Astarada binası qəzalı vəziyyətdə olan olan kənd məktəbi bağlanır - FOTO
# 08 dekabr 2023 11:48 (UTC +04:00)

Astara rayonunda dağlıq ərazidə yerləşən Miki kənd tam orta məktəbinin bağlanılmasına qərar verilib. Məktəbdə təhsil alan 53 şagird, rayonun Rinə kənd tam orta məktəbinə köçürülür.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Miki kənd məktəbi əvvəllər tam orta məktəb kimi fəfaliyyət göstərib. Son 3 ildə aparılan təhlillərin nəticələrinə əsasən, şagird sayında azalma qeydə alınıb və tam orta məktəb statusundan ümumi orta məktəb statusuna keçirilib. Bu il məktəbin 8 nəfər 11-ci sinif şagirdi digər məktəbə köçürülüb. Bir neçə gün əvvəl məktəb rəhbərliyi, binanın qəzalı olduğu üçün tam bağlanacağını, şagirdlərin Rinə kənd tam orta məktəbinə köçürüləcəyini valideynlərin diqqətinə çatdırıb. Bu da valideynlərin narazılığına səbəb olub.

Valideynlər Rinə kəndinin 6-7 km uzaqda yerləşdiyini, qışda gediş-gəlişin çox çətin olduğunu bildiriblər. Onların sözlərinə görə, kənddə təhsilin davam etdirilməsi üçün məktəbin həyətində başqa binalar da var, tədrisi həmin binalarda davam etdirmək olar.

Lənkəran - Astara regional təhsil idarəsi və sektor əməkdaşları, həmçinin yerli ərazi icra nümayəndəsi məktəbdə olub, valideynlərlə görüş keçiriblər. Məktəbə baxış keçirilib və binanın istifadəyə yararsız olduğu qənaətinə gəlinib. Eləcə də sakinlərin həmin məktəbin həyətində olan digər binalardan istifadə etməklə bağlı olan müraciətlərinə baxılıb və binaların da qəzalı olması barədə onlara məlumat verilib.

Astara rayon üzrə təhsil sektorunun müdiri Vüqar Şahbazov APA-ya bildirib ki, məktəb binası sürüşmə ərazisində olduğuna görə, binanın bu il yenidən tikilib istifadəyə verilməsi, şagirdlərin Rinə kənd tam orta məktəbinə köçürülməsi nəzərdə tutulub: “Hazırda məktəb binasının yenidən tikilməsi planlaşdırılır. Şagirdlərin Rinə kənd tam orta məktəbinə aparılması, nazirlik tərəfindən də nəqliyyat vasitəsi ilə təmin olunması nəzərdə tutulub. Məktəb binası tikildikdən sonra yenidən kollektivin istifadəsinə veriləcək”.

Qeyd edək ki, Astara rayon Miki kənd orta məktəb binası 1997- ci ildə tikilib və 2005-ci ildə Azərbaycan Respublikasının Fövqalada Hallar Nazirliyi tərəfindən bina əsaslı bərpa olunub. Məktəb binası 250 şagird yerlikdir. Hazırda məktəbdə 53 şagird təhsil alır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR