Bank Of Baku

ATU-da Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş konfrans keçirilib - FOTO

ATU-da Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş konfrans keçirilib - FOTO
# 01 mart 2023 12:19 (UTC +04:00)

Fövqəladə Hallar və Elm və Təhsil nazirliklərinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş konfrans keçirilib.

APA xəbər verir ki, “Risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu” mövzusunda keçirilən konfransda fövqəladə hallar nazirinin müavini general-leytenant Ragim Lətifov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müavini Dövlətxan Dövlətxanov, Fövqəladə Hallar Nazirliyinin aparatının və struktur bölmələrinin əməkdaşları, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan Nümayəndəliyinin, Beynəlxalq Miqrasiya Təşkilatı Azərbaycan Nümayəndəliyinin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin, Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondunun Azərbaycan Nümayəndəliyinin, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin, “BP-Azərbaycan” Şirkətinin, eləcə də mərkəzi və yerli icra hakimiyyəti orqanları, komitələr, agentliklər və digər müəssisə və təşkilatların məsul vəzifəli şəxsləri iştirak edib.

Əvvəlcə tədbir iştirakçıları universitetin foyesində ulu öndər Heydər Əliyevin büstü önünə əklil qoyub, Ümummilli Liderin xatirəsinə ehtiramlarını bildiriblər.

Tədbirin əvvəlində mülki müdafiə sahəsində Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti barədə video-çarx nümayiş olunub.

Toplantını giriş sözü ilə açan FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov iştirakçıların nəzərinə çatdırıb ki, Ümumdünya Mülki Müdafiə Gününün qeyd olunmasında əsas məqsəd ictimaiyyətin bir daha diqqətinin əsas vəzifəsi əhali və ərazilərin fövqəladə hadisələrdən mühafizəsi olan mülki müdafiə işinin təşkili məsələlərinə cəlb etməkdir.

Qeyd olunub ki, respublikada neft-qaz sənayesinin inkişafı, ölkəmizin yerləşdiyi təbii-coğrafi şərait, təbii və texnogen mənşəli fövqəladə halların baş vermə ehtimallarının hər zaman mövcud olması günümüzdə bu məsələnin nə qədər aktual olduğunu göstərir. Baş idarə rəisi bildirib ki, “1 mart Ümumdünya Mülki Müdafiə Günü”nün qeyd olunması ilə bağlı bütün ölkəmizdə mülki müdafiənin təbliği sahəsində müxtəlif tədbirlərin, o cümlədən sərgilərin, konfransların, açıq dərslərin, təlimlərin keçirilməsi böyük əhəmiyyətə malikdir.

Niyazi Zamanov vurğulayıb ki, mülki müdafiə sahəsində qarşıda duran digər mühüm məsələlərdən biri də ölkəmizdə mövcud qanunvericilik bazasına yenidən baxılması, mövcud normativ hüquqi sənədlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasıdır. O, bu sahədə görülən işlər barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Eyni zamanda, Baş idarə rəisi öz çıxışında müasir dövrün aktual məsələlərindən olan fövqəladə hal risklərinin qiymətləndirilməsinin baş verə biləcək təbii və texnogen xarakterli fəlakətlərin əvvəlcədən proqnozlaşdırılması üçün əlverişli üsul hesab olunmasının, fəlakətlərə cavab tədbirlərinin effektivliyini və səmərəliliyini təmin etmək üçün xüsusi informasiya texnologiyalarının və rabitənin rolunun vacibliyini bildirib. Fövqəladə hal risklərinin qiymətləndirilməsində əsas vəzifələri, informasiya texnologiyaları vasitəsilə fəlakətlərin baş verməsinin uzunmüddətli ehtimalı və təhlükə barədə məlumatların əldə edilməsi, eləcə də Fövqəladə Hallar Nazirliyində kompüterləşdirilmiş informasiya sistemlərinin yaradılması ilə bağlı qabaqcıl texnologiyalardan istifadə əsasında fəaliyyət sahələrinin formalaşdırılması və risklərinin qiymətləndirilməsində kameralar vasitəsilə müşahidələrin aparılmasının mühüm əhəmiyyətli rolu barədə danışıb.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli çıxış edib. O, Azərbaycan Respublikasında seysmik zonalarında seysmik risk və onun azaldılması yolları barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müşaviri Rüstəm Həsənov öz çıxışında ölkə ərazisində təhlükəli atmosfer hadisələrinə dair Erkən Xəbərdarlıq Sisteminin yaradılması, ölkədə əhalinin radiasiya təhlükəsindən qorunması və radiasiya şəraitinin nəzarətdə saxlanılması məqsədilə erkən radioloji xəbərdarlıq monitorinq nəzarəti şəbəkələrinin fəaliyyəti, meşə yanğınların qarşısının alınması məqsədilə yerlərdə maarifləndirmə işlərinin aparılması və müşahidə kameraların quraşdırılması, həmçinin işğaldan azad edilmiş ərazilərdə ekoloji, radioloji və hidroloji monitorinqlərin aparılması barədə ətraflı məlumat verib.

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, “Azercell Telecom” MMC-nin Biznes Təhlükəsizliyi şöbəsinin rəhbəri Anar Mirzəyev çıxış edərək ölkədə qlobal risk növləri, risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu, növləri və önəmi, həmçinin erkən zəlzələ xəbərdarlıq sistemi və zəlzələnin operativ proqnozlaşdırılması barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Daha sonra tədbirdə Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondunun (UNİCEF) Azərbaycan Nümayəndəliyinin rəhbərinin müavini Vilyam Abi Abdullah, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin rəhbərinin müavini İqnasio Qarsio Kasares mövzu ətrafında çıxışlar ediblər.

Sonda “1 mart - Ümumdünya Mülki Müdafiə Günü” münasibəti ilə, eləcə də təmsil olunduqları təşkilatlarda mülki müdafiə işinin təşkili sahəsində səmərəli fəaliyyətlərinə görə fərqlənən əməkdaşlar Fövqəladə Hallar Nazirliyi adından “Fəxri fərman”la təltif olunub. Təltifləri Fövqəladə Hallar nazirinin müavini general-leytenant Ragim Lətifov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müavini Dövlətxan Dövlətxanov təqdim ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR