“Ermənistanla sərhəd ərazilərdə radiasiya fonunun nəzarətdə saxlanılması məqsədilə Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan rayonlarında avtomat radioekoloji stansiyalar qurulub. Həmin stansiyalardan məlumatlar real vaxt rejimində bu yaxınlarda istifadəyə verilmiş müasir Situasiya Mərkəzinə ötürülərək təhlil olunur”.
APA xəbər verir ki, bunu “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na həsr olunmuş tədbirdə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Böyük Qayıdışın ekoloji aspektləri” adlı məruzəsində deyib.
Nazir qeyd edib ki, Qarabağda tamamilə məhv edilmiş hidrometeoroloji müşahidə və ekoloji monitorinq şəbəkəsi yenidən qurularaq modernləşdirilir: "Əsas çaylar üzərində 11 ədəd avtomat hidroloji stansiya, həmçinin Zəngilan rayonundakı “Ağıllı kənd” ərazisində avtomat aqrometeoroloji stansiya quraşdırılıb. Hazırda Şuşa, Ağdam, Füzuli, Kəlbəcər və Zəngilan rayonlarında 5 avtomat meteoroloji stansiya quraşdırılır”.