Bank Of Baku

Bakıda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan konfrans keçirilib - FOTO - YENİLƏNİB

Bakıda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan konfrans keçirilib - FOTO  - YENİLƏNİB
# 06 may 2023 12:23 (UTC +04:00)

Bu gün Bakıda Nazirlər Kabinetinin təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi" mövzusunda konfrans keçirilib.

APA xəbər verir ki, toplantıda Baş nazir Əli Əsədov, hökumət nümayəndələri və deputatlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Baş Nazir Əli Əsədov bildirib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 ili tamam olur: "Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan olunub. Azərbaycanın müasir tarixi dünyanın siyasət arenasında xüsusi yer tutmuş görkəmli dövlət xadimi, əzəmətli siyasi lider və şəxsiyyət, xalqımızın xilaskarı və müstəqil dövlətçiliyimizin memarı olan Heydər Əliyevin adı ilə bağlıdır. Bugünkü Azərbaycanın inkişaf yolu ötən əsrin 70-ci illərindən, Heydər Əliyevin həm Azərbaycanda, həm də SSRİ-də rəhbər vəzifələr tutduğu dövrdən başlayır.

Baş nazir xatırladıb ki, 1969-cu il iyulun 14-də Heydər Əliyevin respublikanın rəhbəri vəzifəsinə seçilməsi ilə Azərbaycan yeni dövrə qədəm qoyub: "Ulu Öndərin respublikanın rəhbəri kimi fəaliyyət göstərdiyi 1969-1982-ci illər Azərbaycan tarixinə iri miqyaslı quruculuq və dinamik inkişaf illəri kimi daxil olub. Heydər Əliyev sovet rejiminin bütün imkanlarından maksimum istifadə edərək Azərbaycanı keçmiş SSRİ miqyasında qabaqcıl respublikalar sırasına çıxarmış, mərkəzdən dotasiya almayan iki respublikadan birinə çevirib. 1969-1982-ci illərdə respublikada xalq təsərrüfatının artım sürəti orta ittifaq səviyyəsini xeyli qabaqlamış, istehsal edilən milli gəlir 2,6, sənaye məhsulunun həcmi 2,7, kənd təsərrüfatı məhsulları 2,3 dəfə artıb".

Onun sözlərinə görə, Ulu Öndərin qarşıya qoyduğu strateji hədəflərdən biri də respublikada güclü kadr potensialı yaratmaq, yüksək ixtisaslı mütəxəssislər yetişdirmək idi. Bu məqsədlə yeni ali və orta ixtisas məktəbləri yaradılıb: "Heydər Əliyevin təşəbbüsü ilə 70-80-ci illərdə keçmiş SSRİ-nin 170-dən çox nüfuzlu ali məktəbində 15 mindən çox azərbaycanlı gənc ən müxtəlif ixtisaslar üzrə ali təhsil almağa göndərilmiş, bizim ali məktəblərdə mövcud olmayan 250-dən çox ixtisas üzrə kadrlar hazırlanıb. Kadr potensialının inkişaf etdirilməsi strategiyası çərçivəsində Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi internat məktəbinin yaradılması Azərbaycanın gələcək zabitləri üçün ilk məktəb olmaqla, Heydər Əliyevin dərindən düşünülmüş müdrik siyasətinin parlaq ifadəsi idi. Müstəqillik əldə etdikdən sonra milli ordu quruculuğunda yüksək təhsilli hərbçilərə böyük tələbat yarananda Heydər Əliyevin bu hərbi məktəbi yaratmaqda nə qədər uzaqgörənliyinin bir daha şahidi olduq".

Əli Əsədov bildirib ki, bu gün işğaldan azad olunmuş torpaqlarımızda Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni bir hünər dastanı yazılır, şəhər və kəndlərimiz dirçəlir: "Qarabağ və Şərqi Zəngəzur genişmiqyaslı tikinti, inşaat, quruculuq meydanına çevrilib və Böyük qayıdış proqramının gerçəkləşməsi ilə bu torpaqlarda həyat yenidən canlanmağa başlayıb. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu bu torpaqlardakı dini, tarixi abidələrimizin, mədəniyyət incilərimizin bərpası və yenidən qurulması sahəsində böyük layihələr həyata keçirir".

Daha sonra çıxış edən xarici işlər naziri Ceyhun Bayramov qeyd edib ki, Ulu Öndərin bir sıra xarici ölkələrə səfərləri, keçirdiyi görüşlər, eləcə də dünyanın ayrı-ayrı dövlətlərindən respublikamıza gələn nümayəndələrlə aparılan danışıqlar Ermənistanın Azərbaycana təcavüzü haqqında həqiqətlərin beynəlxalq aləmə çatdırılması baxımından əhəmiyyətli rol oynadı: "Dünya birliyinin Azərbaycana münasibətdə mövqeyindəki təkamül ATƏT-in 1994-cü il Budapeşt və 1996-cı il Lissabon sammitlərində xüsusilə aydın şəkildə özünü göstərdi. Lissabon sammitində ilk dəfə olaraq, Ermənistan istisna olmaqla ATƏT-in bütün iştirakçı dövlətləri münaqişənin həll edilməsində Azərbaycanın milli mənafelərini əks etdirən prinsipləri açıq şəkildə dəstəklədi. Bu sammit zamanı, Ermənistan tarix boyu unutmayacağı təzyiqlərlə üzləşdi. Bu, Azərbaycanın xarici siyasətinin böyük uğuru idi. Beləliklə, Ulu Öndərin xarici dövlətlərə etdiyi çoxsaylı səfərlər, bu səfərlər çərçivəsində digər dövlətlərə ölkəmizin mövqeyi haqqında birinci şəxs tərəfindən məlumatın verilməsi, ölkəmizin üzləşdiyi informasiya blokadasının aradan qaldırılmasına gətirib çıxardı".

Nazir söyləyib ki, münaqişənin həlli ilə bağlı aparılan məqsədyönlü siyasət nəticəsində çoxsaylı beynəlxalq təşkilatlar, o cümlədən BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş mühüm qərar və qətnamələrin mühüm əhəmiyyətə malik olduğu bəllidir. Bu sənədlər öz-özlüyündə münaqişənin həllində birbaşa açar rolunu oynamasalar da, onlar, birmənalı şəkildə münaqişənin həllinin möhkəm hüquqi bazasını təşkil edirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu məsələ ilə bağlı illər sonrakı, 2020-ci il 10 dekabr tarixli Zəfər paradında çıxışı bir daha beynəlxalq səviyyədə Azərbaycanın həqiqətlərinin irəlilədilməsi istiqamətində aparılan işin əhəmiyyətini təsdiqləyirdi. Dövlət başçısı çıxışında qeyd etdiyi kimi, “Biz uzun illər bütün beynəlxalq tədbirlərdə bu məsələ ilə bağlı həqiqətləri çatdırırdıq, böyük iş aparılmışdır və bu işin səmərəsi oldu. Baxmayaraq ki, biz ərazi bütövlüyümüzü döyüş meydanında qazandıq, hesab edirəm ki, son illər ərzində apardığımız siyasi və diplomatik səylər öz bəhrəsini verdi, bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və bunu dəstəklədi”.

Ceyhun Bayramov deyib ki, bu gün üçrəngli bayrağımız işğaldan azad olunmuş torpaqlarımızda qürurla dalğalanır, Azərbaycan azad etdiyi ərazilərini qarış-qarış yenidən qurur və bərpa edir: "Azərbaycanın post-münaqişə dövründə regionda sülh səyləri xarici siyasət xəttimizdə yeni dövrün başlanğıcının göstəricisidir. 30 ilə yaxın davam etmiş hərbi işğala son qoyulması nəticəsində xarici siyasətimizin qarşısında ən böyük çağırış olan keçmiş münaqişənin həll olunması, regionda yeni reallıqların və gündəliyin yaranması xarici siyasətimizin üfüqlərinin genişlənməsində də mühüm rol oynayıb".

Tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov qeyd edib ki, Heydər Əliyevin 1969-cu ildə ilk dəfə Azərbaycanın rəhbəri təyin olunduğu vaxtdan ölkəmizin tərəqqi və rifah yolu başlayıb.

"Onun o dövrdə müəyyən etdiyi Azərbaycanın gələcək inkişafının mərkəzində iqtisadiyyatı əsaslı şəkildə dəyişmək, respublikanı xammal ixracatçısından hazır məhsul istehsalçısına çevirmək, kənd təsərrüfatını dirçəltmək, əhalinin sosial, mədəni və təhsil səviyyəsini yüksəltmək kimi hədəflər dayanıb. Qəbul olunmuş qərarlarla respublikanın sənaye əsasında inkişaf etdirilməsi, iri cihazqayırma, elektrotexnika, neft maşınqayırma müəssisələrinin yaradılmasının başlanğıcı qoyulub. Bir-birinin ardınca 250-dən çox yeni zavod, fabrik, istehsalat obyektləri işə salınıb. Azərbaycanda istehsal olunan 350 adda məhsul 65 ölkəyə ixrac olunmağa başlayıb. Həmin illərin Azərbaycanı nəhəng bir tikinti meydanını xatırladırdı. Bakının və respublika rayonlarının siması büsbütün dəyişmişdi. Azərbaycanın gələcək inkişafına ünvanlanmış strateji əhəmiyyətli bütün bu işlərə Heydər Əliyev şəxsən özü başçılıq edirdi. 1969-1982-ci illərdə həyata keçirilən sosial-iqtisadi proqramlar nəticəsində Azərbaycan sürətlə inkişaf edib və Sovet İttifaqında qabaqcıl respublikalardan birinə çevrilib", - deyə o qeyd edib.

Nazir deyib ki, Heydər Əliyevin sovet dövründə Azərbaycanda gördüyü ən böyük işlərdən biri də təhsil sahəsi ilə bağlıdır: "O zaman respublikada peşəkar mütəxəssis qıtlığını aradan qaldırmaq üçün hər il yüzlərlə gəncin Sovet İttifaqının nüfuzlu ali məktəblərinə göndərilərək onların yüksək təhsil alması təmin edilib. Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması, azərbaycanlı gənclərin hərbi təhsilə cəlb olunması, minlərlə zabitin hərb sənətinə dərindən yiyələnməsi ölkəmizin bugünkü müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə əvəzsiz töhfələr verib. Ona görə də o dövrdə Azərbaycanın əldə etdiyi ən mühüm tarixi nailiyyətlərdən biri - güclü milli kadr potensialının yaradılması olub".

O əlavə edib ki, ikinci dəfə - 1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıtması ölkəmizin tarixində keyfiyyətcə yeni mərhələnin başlanğıcı olub: "Qeyd etmək lazımdır ki, müstəqilliyin başlanğıcında ölkəmizdə makroiqtisadi stabillik pozulmuş, hiperinflyasiya baş vermiş, əhalinin istehlak malları ilə təminatında ciddi çətinliklər meydana gəlmişdi. Keçmiş İttifaq dövlətinin iqtisadi mexanizmlərinin işləməməsi, təsərrüfat əlaqələrin pozulması səbəbindən dövlət müəssisələrinin əksəriyyəti öz fəaliyyətlərini dayandırmışdılar. Heydər Əliyev özünün zəngin bilik və təcrübəsi əsasında Azərbaycanın yeni dövr üçün iqtisadi inkişaf yolunu dəqiq müəyyənləşdirdi. Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri - azad sahibkarlıq fəaliyyəti, özəlləşdirmə, sənayenin inkişafı və sosial infrastrukturun yenilənməsi prioritet olaraq seçildi. Ölkə Prezidentinin rəhbərliyi ilə özəlləşdirilmənin I və II Dövlət Proqramları hazırlandı. İqtisadi inkişafı təmin etmək məqsədilə sahibkarlar üçün əlverişli mühit yaradıldı, qanunvericilik bazasının formalaşdırılmasına start verildi. Ulu Öndərin təşəbbüsü ilə sahibkarlığın inkişafına dair dövlət proqramları qəbul edildi. Azərbaycanda torpaq islahatı da Heydər Əliyevin adı ilə bağlıdır. Onun rəhbərliyi ilə aparılmış aqrar islahat nəticəsində kolxoz və sovxozlar ləğv edilərək, torpaqları torpaq payı almaq hüququ olan şəxslərə paylanıldı. Nəticədə 3 milyon 400 min Azərbaycan vətəndaşını torpaq mülkiyyətçisinə çevrildi. Ümummilli Liderin əsasını qoyduğu milli maraqlara əsaslanan xarici siyasət kursunun uğurla həyata keçirilməsi sayəsində Azərbaycanın beynəlxalq münasibətləri də sürətlə inkişaf etdi, ölkəmizin dünyada müstəqil dövlət kimi nüfuzu artmağa başladı".

M. Cabbarov deyib ki, “Əsrin müqaviləsi”nin imzalanması isə Azərbaycan iqtisadiyyatında əsaslı dönüş yaratdı: "Uzaqgörən neft strategiyası ilə sürətlənən iqtisadi inkişaf sonrakı illərdə daha geniş vüsət aldı. Xüsusilə, neft və neft-kimya sənayesinin yenidən qurulması ölkəmizin gələcək inkişafının əsasını qoydu. Neft-qaz sektorunda həyata keçirilən böyük layihələr digər sahələrin də inkişafına təkan verdi. Heydər Əliyev xalqımızın əsrlər boyu qəlbində daşıdığı ən ümdə arzuları - Azərbaycanın əbədi müstəqil olması, qüdrətlənməsi və davamlı inkişafı yolunda bütün ömrünü sərf etdi, özünün möhtəşəm əsərini - müstəqil Azərbaycanı etibarlı əllərə əmanət etdi. Bu gün arzuları gerçəkliyə çevirməyi bacaran, həyat amalını hər zaman xalqın xidmətçisi olmaqda görən cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə görülən işlər, insanların sabaha olan inamını daha da artıran uğurlu nəticələr həm də dahi Heydər Əliyevin ruhu qarşısında bir hesabatdır. Qlobal çağırışlar fonunda inkişaf edən Azərbaycanda iqtisadiyyatın daha da şaxələndirilməsi, enerji transformasiyası, əhalinin rifahının davamlı yüksəlməsi kimi məsələlər sosial-iqtisadi inkişaf strategiyasının əsas hədəfləridir. Cənab Prezident tərəfindən uğurla davam etdirilən kadr siyasəti, peşəkar mütəxəssislərin yetişdirilməsi sahəsində görülən işlər xüsusilə qeyd edilməlidir. Minlərlə Azərbaycan gəncinin qabaqcıl xarici ali təhsil müəssisələrində təhsili ilə bağlı qəbul olunmuş dövlət proqramları ölkəmizin növbəti inkişaf mərhələsi üçün mühüm əhəmiyyət kəsb edir".

Digər çıxışçılar da Ulu Öndərin həyat və fəaliyyəti ətrafında konfrans iştirakçıları ilə fikirlərini bölüşüblər.

Tədbirin sonunda Heydər Əliyevin 100 illiyinə həsr olunan "Mən Azərbaycana lazım idim" adlı film nümayiş etdirilib.

Bununla da tədbir başa çatıb.

***

10.12

Bakıda "Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi" mövzusunda konfrans keçirilir.

APA xəbər verir ki, toplantı Nazirlər Kabinetinin təşkilatçılığı ilə baş tutub.

Konfransda Baş nazir Əli Əsədov, hökumət nümayəndələri və deputatlar iştirak edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR