Bank Of Baku

Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO

Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
# 14 oktyabr 2026 15:26 (UTC +04:00)

Bu gün Bakının mərkəzində QHT-lərin təşkilatçılığı ilə bir qrup azərbaycanlı xanımın milli baş örtüyü – kəlağayı ilə gəzinti-yürüşü keçirilib.

APA xəbər verir ki, yürüş Qız Qalasının qarşısından başlayıb.

Vətəndaş cəmiyyəti təmsilçiləri bu təşəbbüslə milli geyimlərə, xüsusilə kəlağayıya marağın artırılmasına çalışdıqlarını bildiriblər.

Qeyd edilib ki, kəlağayı Azərbaycan xalqının çoxəsrlik tarixini, milli kimliyini, adət-ənənələrini və estetik dünyagörüşünü özündə yaşadan mühüm mədəni irs nümunəsidir. Təbii ipəkdən hazırlanan bu zərif baş örtüyü əsrlər boyu Azərbaycan qadınlarının geyim mədəniyyətinin ayrılmaz hissəsi olub. Kəlağayı yalnız milli geyim elementi deyil, həm də xalqımızın mənəvi dəyərlərinin, zəriflik, gözəllik və xanımlıq rəmzlərinin ifadəsidir.

İncəsətin Tərəqqisinə Dəstək İctimai Birliyinin sədri Turanə Orucova APA-ya açıqlamasında bildirib ki, kəlağayı Azərbaycan qadınının zərifliyini, milli-mədəni dəyərlərimizi və əsrlərdən süzülüb gələn sənət ənənələrimizi təcəssüm etdirir: “Bu irsin qorunması yalnız mədəniyyətimizin yaşadılması deyil, həm də milli kimliyimizə və tarixi yaddaşımıza sahib çıxmaq deməkdir. Milli geyimlərimizin, xüsusilə də kəlağayımızın təbliği, qorunması və gələcək nəsillərə ötürülməsi bizim əsas məqsədlərimizdəndir. Çünki milli irsimiz xalqımızın tarixini, milli kimliyini və dövlətçilik ənənələrini özündə yaşadan mühüm mənəvi sərvətdir. İstəyimiz bu dəyərləri sadəcə nümayiş etdirmək deyil, onların mahiyyətini gənclərə aşılamaq və milli irsimizi gələcəyə daşımaqdır.
Milli-mənəvi dəyərlərimizin qorunması dövlətçilik ənənələrimizin möhkəmləndirilməsi və milli birliyimizin yaşadılması baxımından da mühüm əhəmiyyət daşıyır. Çünki öz tarixinə və mədəniyyətinə sahib çıxan xalq öz kimliyini də qoruyur.

Bizim üçün milli geyimlərimiz və kəlağayımız keçmişimizlə gələcəyimiz arasında mənəvi körpü, milli kimliyimizin və dövlətçilik ruhumuzun ifadəsidir. Əsas məqsədimiz bu zəngin irsi yaşatmaq, təbliğ etmək və gələcək nəsillərə bütöv şəkildə ötürməkdir”.

Kəlağayi ilə yürüş şəhər sakinləri və turistlərdə böyük marağa səbəb olub.

Qeyd edək ki, Azərbaycan kəlağayısı beynəlxalq səviyyədə də tanınır. 2014-cü ilin noyabrında “Qadın ipək baş örtüyü kəlağayının ənənəvi hazırlanma və daşınma mədəniyyəti və onun simvolikası” UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu mühüm hadisə kəlağayının yalnız Azərbaycan xalqı üçün deyil, bütövlükdə bəşəriyyətin mədəni irsi baxımından əhəmiyyətini təsdiqləyib.

Kəlağayı sənətinin əsas mərkəzləri sırasında Şəki və Basqal xüsusi yer tutur. Onun hazırlanmasında ənənəvi ipəkçilik, boyama və taxta qəliblərlə naxışvurma üsullarından istifadə olunur. Kəlağayıların üzərindəki buta, nəbati və həndəsi ornamentlər xalqımızın zəngin bədii təfəkkürünü əks etdirir. Bu sənətin qorunması, gənc nəsillər arasında təbliği və gündəlik geyim mədəniyyətində yaşadılması milli irsimizin gələcək nəsillərə ötürülməsi baxımından müstəsna əhəmiyyət daşıyır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR