Vaşinqton görüşü Cənubi Qafqazda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması baxımından tarixi dönüş nöqtəsidir.
APA-nın Qarabağ bürosu xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Laçında keçirilən “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda beynəlxalq konfransda deyib.
Kamran Əliyev bildirib ki, ABŞ-ın paytaxtı Vaşinqtonda, Ağ Evdə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin paraflanması bu ilin ən mühüm hadisələrindən biridir: "Bu hadisə Azərbaycanın suveren hüquqlarının beynəlxalq aləmdə tam şəkildə tanınmasının təsdiqidir. Bu diplomatik uğur ölkəmizin artan nüfuzunun, Prezident İlham Əliyevin qətiyyətli və hərtərəfli siyasətinin nəticəsidir".
Baş prokuror vurğulayıb ki, yeni reallıqlar fonunda strateji əhəmiyyət daşıyan məsələlərdən biri Zəngəzur dəhlizinin açılmasıdır. O bildirib ki, bu layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsini təmin etməklə yanaşı, bütövlükdə regionun nəqliyyat xəritəsini dəyişəcək, iqtisadi və siyasi inteqrasiyaya böyük töhfə verəcək: "Prezident İlham Əliyevin vurğuladığı kimi, Zəngəzur dəhlizi təkcə Azərbaycanın milli maraqlarını təmin etmir, eyni zamanda beynəlxalq əməkdaşlıq, ticari əlaqələr və qlobal təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir. Onun açılması suverenliyimizin praktiki gücünün, Azərbaycanın regiondakı lider mövqeyinin daha bir göstəricisi olacaq".