Bələdiyyələrlə İş Mərkəzinin rəisi: Bələdiyyələrin maliyyə imkanları artırılmalıdır

Bələdiyyələrlə İş Mərkəzinin rəisi: Bələdiyyələrin maliyyə imkanları artırılmalıdır
# 30 noyabr 2023 11:41 (UTC +04:00)

Bələdiyyələrin insanların problemlərinin həllində rolunun artmasına nail olunmalı, bunun üçün də bələdiyyələrin maliyyə imkanları artırılmalıdır.

APA xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsində keçirilən “Azərbaycanda yerli demokratiyanın, özünüidarəetmənin və regionların inkişafında Heydər Əliyev irsi” mövzusunda ictimai dinləmədə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Rəhman Məmmədov deyib.

O bildirib ki, Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrlə davamlı iş aparılır: “Vergi borcları üzrə minlərlə akt tərtib edilərək məcburi icraya yönəlib. Son 2 ildə (2021-22) bələdiyyələrin ümumi büdcə gəlirləri 2020-ci illə müqayisədə 35%, yerli vergilərdən daxilolmalar 43% artıb. 2021-22-ci illərdə 3900-dən çox torpaqların icarə müqavilələri üzrə məbləğ 2,9 milyon manata qalxıb. Dövlət Statistika Komitəsinin məlumatlarından da görünür ki, cari il ərzində yerli büdcə gəlirlərində artım dinamikası davam etməkdədir. Əgər 2020-ci ildə vergi borcuna görə 800 inzibati akt qəbul edilmişdisə, 2021-22-ci illərdə 13 mindən çox belə akt qəbul edilərək məcburi icraya yönəlib. Bu sahədə sistemli tədbirlər həyata keçirilməkdədir. Prezident Administrasiyasının dəstəyi ilə bələdiyyələrin avtomatlaşdırılmış məlumat sistemi yenilənib və Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin informasiya sisteminə qoşulub. Fiziki şəxslər tərəfindən daşınmaz əmlak alqı-satqısı zamanı vətəndaşların vergi borcunun olub-olmamasının müəyyən edilməsi üçün sistem yaxşılaşdırılmaqdadır”.

Rəhman Məmmədov onu da qeyd edib ki, bələdiyyələr tərəfindən şəhidlərin adlarının əbədiləşdirilməsi üçün yüzlərlə xatirə bulaqları tikilib: “Şəhid ailələri ilə bağlı bütün tədbirlərə bələdiyyə büdcələrindən 3 milyon manata yaxın vəsait ayrılıb. Birgə səylərimizlə Ümummilli liderin ideyalarına uyğun olaraq, bələdiyyələrin işinin təkmilləşdirilməsində daha ciddi nəticələrə nail olacağıq”.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Fərid Əliyev qeyd edib ki, hazırda bələdiyyələrlə bağlı qanunvericilik bazası təkmilləşdirilir, hər il dövlət büdcəsindən bələdiyyələrə vəsait ayrılır: “Bələdiyyələrinin fəaliyyətində bir sıra çatışmazlıqlar var. Əsasən də bələdiyyələrin maliyyə imkanlarının aşağı olması əhalinin probleminin həllində bələdiyyələrin rolunu çətinləşdirilir. Əsas hədəflərdən biri də bələdiyyələrin yerli problemlərin həllində rolunun artırılmasıdır. Bələdiyyələrin gəlir və xərc uçotunun dəqiq və şəffaf aparılması üçün işlər aparılır. Artıq bələdiyyələr real vaxt rejimində onlayn qaydada torpaqlarla bağlı məlumatları əldə edə bilirlər”.

Fərid Əliyev vurğulayıb ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edilməsi ilə bütün sahələrdə inkişaf erasına qədəm qoymuşuq: “Yaxın gələcəkdə bu ərazilərdə bələdiyyələrlə bağlı da inkişafın şahidi olacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR