Beyləqan rayonunda yerləşən şadlıq saraylarının birində keçirilən toy mərasimi zamanı zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb.
TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, xəstəxanaya daxil olan 21 nəfərin hər birinə zəruri tibbi xidmət göstərilib.
Qeyd edilib ki, onların vəziyyətləri qənaətbəxş hesab olunur, ambulator müalicə üçün evə buraxılıblar.
Xatırladaq ki, Beyləqanda toyda kütləvi zəhərlənmə olub. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı APA-ya bildirib ki, ötən gün Beyləqan rayonunda yerləşən şadlıq saraylarının birində keçirilən toy mərasimi zamanı bir qrup rayon sakininin qidadan zəhərlənməsi barədə Beyləqan RPŞ-yə məlumat daxil olub.
Faktla bağlı RPŞ-də araşdırma aparılıb, toplanmış material aidiyyəti üzrə rayon prokurorluğuna göndərilib.
Qida Təhlükəsizliyi Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır:
“Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.