Bu il təxminən 35 minədək müəllimin sertifikatlaşdırmaya cəlb olunmasını planlaşdırırıq.
APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün brifinqdə deyib.
O bildirib ki, proses bütün regionları əhatə etməklə ibtidai sinif müəllimlərini əhatə edəcək. Həmçinin Azərbaycan dili və ədəbiyyat müəllimlərinin bir hissəsi sertifikatlaşdırmaya cəlb olunacaq: "Proses 2025-2026-cı ildə tam başa çatacaq. 2025-ci ildə sertifikatlaşdırmadan keçə bilməyən müəllimlərə 2026-cı ildə növbəti dəfə imtahan vermələri üçün şans yaradılacaq".
Nazir qeyd edib ki, ölkə üzrə sertifikatlaşdırmanın əhatəsi artdıqca orta aylıq əməkhaqqı məbləğində növbəti 4 il ərzində 15% artım gözlənilir: "Sertifikatlaşdırılmadan uğurla keçən müəllimlərin maaşı 1195, sertifikatlaşdırmada iştirak edənlərin maaşı 970, ümumiyyətlə sertifikasiyadan keçməyənlərin əməkhaqqı isə 760 manatdır".
Qeyd edək ki, 11 133 nəfər sertifikasiyaya cəlb olunub.