"2022-ci ildə icbari tibbi sığorta çərçivəsində 40 milyondan çox tibbi xidmət göstərilib".
APA xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib.
O bildirib ki, cari ilin ilk 11 ayı ərzində dövlət tibb müəssisələrinə 4 354 632 şəxs 16 374 103 dəfə müraciət edib:
"Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 40 277 004 olub. Tibbi xidmətlərin 84%-i ambulator, 16%-i stasionar şəraitdə göstərilib. Pasiyentlərin 33%-ni uşaqlar, 67%-ni isə böyüklər təşkil edib. Pasiyentlərin müraciəti əsasən ümumi tibbi müayinə, endokrin, qan dövranı, tənəffüs, həzm, sümük və əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri, sidik-cinsiyyət, göz və gözün əlavə aparatının xəstəlikləri, sinir sistemi xəstəlikləri, habelə zədələr və zəhərlənmələrlə bağlı olub".
O eyni zamanda qeyd edib ki, bu ilin ilk 11 ayı ərzində Bakı şəhəri üzrə dövlət tibb müəssisələrinə 1 839 882 şəxs 6 691 074 dəfə müraciət edib:
“Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 16 305 250 olub. Ölkə üzrə qeydə alınan ümumi müraciət sayının 41 %-i və göstərilən tibbi xidmətlərin 40 %-i Bakı şəhərinin payına düşür. Bu ilin ilk 11 ayı ərzində Bakı şəhəri istisna olmaqla, 63 şəhər və rayon üzrə dövlət tibb müəssisələrinə 2 781 823 şəxs 9 683 029 dəfə müraciət edib. Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 23 971 754 olub. Beləliklə, ölkə üzrə qeydə alınan ümumi müraciət sayının 59%-i və göstərilən tibbi xidmətlərin 60%-i regionların payına düşür".
Aynurə Əhmədova əlavə edib ki, 2022-ci ilin yanvar-noyabr aylarında 149 179 vətəndaşa 183 877 göndəriş verilib:
“Göndəriş alan vətəndaşlar bu dövrdə müqaviləli tibb müəssisələrində 66 860 tibbi xidmətdən yararlanıb. Bu xidmətlərdən 1597-si uşaqlara, 65 263-ü isə böyüklərə göstərilib.
Sözügedən tibbi xidmətlərdən 21 823-nü oftalmoloji, 18268-ni ürək-damar, 17179-nu invaziv radiologiya xidmətləri, 2702-ni urologiya, 2443-nü neyrocərrahiyyə, 937-ni travmatologiya, 674-nü ümumi cərrahiyyə, 517-ni lor, 144-nü isə ginekologiya və doğuş üzrə aparılan əməliyyatlar təşkil edib. Digər sahələr üzrə icra olunan əməliyyatların sayı 693-dür. İcra olunan koxlear implantasiya və endoprotezləşdirmə əməliyyatlarının sayı isə müvafiq olaraq 82 və 1 398 olub. 2024-cü ilə qədər bütün ölkə vətəndaşları İcbari Tibbi Sığortadan istifadə edə bilər".
Aysel Şahmar