Azərbaycan COP28-də işğal dövründə Qarabağ və Şərqi Zəngəzura vurulmuş ziyanla bağlı beynəlxalq ictimaiyyətə məlumat verəcək.
APA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, noyabrın 30-dan etibarən BƏƏ-nin Dubay şəhərində COP28, yəni İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflərinin görüşü keçiriləcək:
"Yüz iyirmidən çox ölkənin müvafiq sahədə fəaliyyət göstərən nazirləri, nazir müavinləri, eyni zamanda, dünyada bu istiqamətdə fəaliyyət göstərən beynəlxalq təşkilatların, həmçinin bu sahəyə maliyyə ayıran donor institutlarının nümayəndələrinin iştirak edəcəyi böyük tədbirdir. Azərbaycan da iki həftə ərzində keçiriləcək həmin tədbirdə pavilyonu ilə təmsil olunacaq. Pavilyonun qurulmasına və təchizatına Heydər Əliyev Fondu tərəfindən dəstək göstərilib. Tədbir çərçivəsində Azərbaycan həmin pavilyonda müxtəlif panel sessiyalar keçirməyi planlaşdırır. Sessiyalarda tərəfdaş ölkələrin, beynəlxalq təşkilatların da nümayəndələri iştirak etmək imkanı qazanacaq".