“Azərbaycan xalqı olaraq 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının birliyini, hər zaman Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha nümayiş etdirdi”.
APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fatma Yıldırım bildirib.
Fatma Yıldırım deyib ki, Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da tarixdə görünməmiş dərəcədə fəallıq göstərib, daha sıx birləşiblər.
Deputat qeyd edib ki, Prezidentin Azərbaycandan kənarda yaşayan 40 milyondan çox soydaşımızın haqlarını gündəmə gətirməsi, tarixi torpağımız olan Qərbi Azərbaycana qayıdacağımızı bəyan etməsinə qədər gələcək hədəflərimizi açıq şəkildə ifadə etməsi hər bir azərbaycanlıda sonsuz iftixar hissi yaradır: “Biz qürur duyuruq ki, bütün dünya azərbaycanlılarının İlham Əliyev kimi Lideri var! Bu gün bütün dünya gündən-günə güclənən Azərbaycanı görür və bu amil əminlik yaradır ki, Azərbaycan dövləti cənab Prezident İlham Əliyevin liderliyi bütün hədəflərinə nail olacaq! Təbii ki, bu prosesdə bütün soydaşlarımız birlik və həmrəyliyini daha da gücləndirməlidir”.