Bank Of Baku

Deputat: Təqaüdlərin artırılması gənclərin təhsilinin inkişafına töhfədir

Fatma Yıldırım, Milli Məclisin deputatı

© APA | Fatma Yıldırım, Milli Məclisin deputatı

# 14 yanvar 2023 12:13 (UTC +04:00)

“Azərbaycan Prezidenti İlham Əliyevin yeni fərman və sərəncamları ilə son beş ildə ölkəmizdə artıq dördüncü sosial islahat paketi reallaşdırılaraq əməkhaqqı, müavinət və təqaüdlərin növbəti dəfə artırılması təmin olunur. Bu fakt bir daha təsdiqləyir ki, Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritetlərindən biridir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Fatma Yıldırım deyib.

Deputat bildirib ki, əhalinin sosial rifahının təminatının yüksəldilməsi Prezident İlham Əliyevin siyasətinin ana xəttini təşkil edir. Dövlət başçısının imzaladığı yeni fərman və sərəncamları bu sahədə xüsusilə son illərdə ardıcıl, geniş miqyas alan sosial islahatların növbəti mərhələsi hesab oluna bilər: “Yeni sosial islahat mərhələsi çərçivəsində Prezident İlham Əliyevin imzaladığı yeni fərman və sərəncamla tələbə və doktorantların təqaüdləri də artırıldı. Yeni Fərmanla 2023-cü il yanvarın 1-dən ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği 275 manata çatdırılıb. Həmçinin, dövlət başçısının yeni sərəncamı ilə dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğləri artım baş verib. Bu artımlar ümumilikdə 150 minədək doktorant və tələbəni əhatə edir.

Fatma Yıldırım qeyd edib ki, görülən işlər, atılan addımlar vətəndaşın həyat şəraitinin yaxşılaşdırılmasına yönəlib: “Məlumdur ki, COVID-19 pandemiyası ilə əlaqədar dünya ölkələrində sosial-iqtisadi problemlər artdı, dövlətlərin iqtisadiyyatının azalması insanların sosial rifahına da mənfi təsir etdi. Eyni zamanda, istehlak, ərzaq məhsulları da dünya ölkələrində xeyli bahalaşıb. Təbii ki, dünyada baş verən proseslər ölkəmizə də təsirsiz ötüşmədi. Amma dövlətimiz bu təsirlərin minimum səviyyəyə endirilməsi üçün lazımi addımlar atdı. Yeni sosial islahatlar paketi də bunu təsdiqləyir. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı ilə yanaşı əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə əməkhaqları, pensiya və təqaüdlər artırılır. Digər tərəfdən, Azərbaycan Prezidentinin imzaladığı sərəncam gənclərin təhsilinin inkişafına növbəti töhfə, tələbələrin təhsillərinin keyfiyyətini artırmalarına, onların daha yaxşı oxumalarına yeni stimul olacaq. Təqaüdlərin artırılması ilə gənclərin elm və təhsilə marağını daha da artıracaq. Dövlətimizin başçısının doktorantların və tələbələrin təqaüdlərinin artırılması ilə əlaqədar sərəncamı dövlətin təhsil siyasətinin konkret təzahürü olmaqla yanaşı, maddi kapitalın insan kapitalına çevrilməsi istiqamətində həyata keçirilən böyük qayğının daha bir əməli ifadəsidir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR