Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən ölkə ərazisində və ərazi sularında karbohidrogen ehtiyatlarının kəşfiyyatı, hasilatı, nəqli, saxlanması və emalı sahəsində qanunvericiliyin və ekoloji normativ sənədlərin tələblərinə riayət edilməsinə dair görüş keçirilib.
APA xəbər verir ki, tədbirdə SOCAR “Azneft” İstehsalat Birliyi, Birliyin tərkibinə daxil olan neft qaz çıxarma idarələrinin əməkdaşları, ekoloqlar, QHT və KİV nümayəndələri iştirak edib.
Dövlət Ekoloji Ekspertiza Agentliyi İdarə Heyətinin sədri Mirsalam Qənbərov bildirib ki, təbii sərvətlərin səmərəli istifadəsi, bərpası, mühafizəsi, ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ölkənin bütün regionlarında, o cümlədən Abşeron yarımadasında ekosistemin - havanın, torpağın, yeraltı və yerüstü suların təbii keyfiyyətinin bərpa olunması üçün tullantı suları təmizlənir, çirklənmiş torpaqlar rekultivasiya edilir, geniş sahələrdə yaşıllıqlar salınır, abadlaşdırma işləri aparılır:
"İqtisadiyyatımız üçün vacib olan karbohidrogen ehtiyatlarının çıxarılması ilə yanaşı, təbiətin mühafizəsini də həyata keçirmək zərurəti var. Ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər həyata keçirilsə də, karbohidrogen ehtiyatlarının kəşfiyyatı, hasilatı, nəqli, saxlanması və emalı sahəsində müəyyən problemlər qalmaqdadır. Belə ki, hələ də bəzi yerlərdə torpaqların, yeraltı və yerüstü su hövzələrinin neft, neft məhsulları, lay suları ilə çirklənməsi, tullantıların düzgün idarə olunmaması halları qeydə alınır".
Aysel Şahmar