Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən illik texniki baxış cədvəlinə uyğun olaraq kiçik həcmli gəmilərə texniki baxış keçirilir.
APA xəbər verir ki, bu sözləri Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət, Sulardan Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi polkovnik-leytenant Aqşin Əlili jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, baxışın keçirilməsində əsas məqsəd kiçik həcmli gəmilərin üzmə şəraitinin qiymətləndirilməsidir:
"Bu zaman gəmilərin gövdələri, mühərriklərin işləmə prinsipi, manevr elementləri, sükan qurğusu, xilasetmə, yanğından mühafizə və təchizat avadanlıqları yoxlanılır. Su nəqliyyatı vasitələrinin qeyd olunmuş tələblərə uyğun texniki baxışa təqdim etmiş kiçikhəcmli gəmi istifadəçilərinə üzməyə icazə verən texniki talonlar təqdim edilir. 1 yanvar 2025-ci ildən bu günə qədər texniki baxışın keçirilməsi ilə əlaqədar xidmətə 797 kiçik həcmli gəmi istifadəçisi tərəfindən müraciət daxil olub”.
Qeyd edilib ki, texniki baxışın nəticəsində qeyd olunmuş tələblərə cavab verən 768 kiçik həcmli gəmi istifadəçisinə üzməyə icazə verən texniki talonlar verilib:
“Norma və tələblərə cavab verməyən 29 qayığın istismarına qadağa qoyularaq istismara yararsızlıq barədə akt tərtib edilib. Dövlət qeydiyyatına alınmadan, texniki baxışdan keçmədən mühərrikli kiçikhəcmli gəmiləri sürücülük hüququ üçün sürücülük vəsiqələri olmadan istismar etmək qanunvericiliklə qadağandır. Bu hal inzibati məsuliyyət yaradır. Bu kimi hallar aşkar edildikdə Xidmətin əməkdaşları tərəfindən sözügedən nəqliyyat istifadəçilərinə inzibati protokollar tərtib edilir. İstər kiçik həcmli gəmilərin texniki vəziyyətinin qiymətləndirilməsi, istərsə də kiçik həcmli gəmilərə nəzarət tədbirləri il boyu davam etdiriləcək".