Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Ağcabədi Rayon İcra Hakimiyyətində "Rayon Fövqəladə Hallar Komissiyası ilə FHN-in yerli struktur bölmələrinin qarşılıqlı fəaliyyəti" mövzusunda seminar-müşavirə keçirilib.
Bu barədə APA-ya FHN-dən məlumat verilib. Bildirilib ki, tədbirdə Regional Mərkəzin rəisi polkovnik Mirəli Feyziyev, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, FHN-in yerli struktur bölmələrinin rəhbərləri, Mərkəzin əhatə etdiyi ərazidə fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilatların məsul şəxsləri, eyni zamanda bələdiyyələrin nümayəndələri iştirak edib.
Seminar-müşavirəni giriş sözü ilə açan Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov rayon ərazisində fövqaladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı aidiyyəti qurumların qarşılıqlı fəaliyyətinin əhəmiyyətindən danışıb.
Tədbirdə çıxış edən FHN-in Qarabağ Regional Mərkəzinin rəisi polkovnik Mirəli Feyziyev fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülmüş işlər, Regional Mərkəzin əhatə etdiyi xidməti ərazidə fövqəladə hallarla mübarizə sahəsində həyata keçirilmiş tədbirlər barədə məlumat verib.
Seminar-müşavirədə FHN-in Qarabağ Regional Mərkəzi ilə rayonda fəaliyyət göstərən idarə və müəssisələr arasında razılaşdırılmış qarşılıqlı fəaliyyət planlarının geniş təhlili aparılıb.
Tədbirdə, həmçinin təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları, fərdi mühafizə, yanğınsöndürmə avadanlıqlarından istifadə, eləcə də tikinti sektorunda yanğın və texniki təhlükəsizlik qaydalarına, təhlükə potensiallı obyektlərin layihələndirilməsinə, tikintisinə və istismara qəbul edilməsinə qoyulan tələblərə düzgün riayət olunmasına, meşə zolaqlarında yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsinə və digər təhlükəsizlik məsələlərinə nəzarətin gücləndirilməsinin vacibliyi bir daha diqqətə çatdırılıb.
Seminar-müşavirədə mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavabladırılıb.