Azərbaycanda "Fransa-Almaniya Gender Bərabərliyi 2022" mükafatının təltifetmə mərasimi keçirilib.
APA xəbər verir ki, mərasimdə Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq və Fransanın Azərbaycandakı səfiri Zakari Qross iştirak edib.
Çıxışında Azərbaycanın bir neçə gün öncə Müstəqillik Gününü qeyd etdiyini xatırladan Almaniya səfiri Volfanq Maniq Azərbaycanın qadınlara səsvermə hüququ verən ilk ölkələrdən biri olduğunu vurğulayıb.
“Hətta bu proses Almaniyadan aylar öncə baş vermişdi”, - o deyib.
Diplomat bildirib ki, qadınlar çətinliklərlə üzləşirlər: “Onlar əmək bazarında ədalətsizliklə üzləşir, ailədə bəzən şiddətə məruz qalırlar”.
O, qadınlar və qızların idman, mədəniyyət sahəsində bərabər təmsilçiliyinin vacib olduğunu vurğulayıb. Səfir Maniq professional işdə təmsilçilik, qadın və qızların əmək qabiliyyətlərinin əmək bazarında ədalətli qiymətləndirilməsinin önəmini qeyd edib.
Fransanın Azərbaycandakı səfiri Zakari Qross isə qeyd edib ki, Almaniya və Fransanın xarici işlər nazirliklərinin siyasəti feminist yönümlüdür: “Biz idarəçilikdə, qərarvermədə gender bərabərliyini təbliğ edirik. Bu gün həm Fransa, həm də Almaniyanın XİN başçıları qadınlardır. Və mən inanıram ki, bu trend davam edəcək. Mən inanıram ki, Azərbaycanda da idman, incəsənət, sosial iqtisadiyyat, idarəçilik və digər sahələrdə qadınların aktiv fəaliyyəti artacaq. Bu uğurlu cəmiyyət üçün önəmli faktordur. Biz yalnız qaliblə deyil, bütün iştirakçılarla işləmək istəyirik. Bu təbii ki, çətindir ancaq vacibdir”.
Qeyd edək ki, bu il 20 qadın öz layihələri ilə müsabiqəyə müraciət edib. Onlardan ən yaxşı 5 namizəd münsiflər heyətinin qarşısında mayın 11-də layihələrini təqdim ediblər.
Müsabiqənin qalibi "Azerjorab" sosial biznesin təsisçisi və meneceri Kifayət Talıbzadə olub.