Fransa Kibertəhlükəsizlik Agentliyinin hədəfinə çevrilmiş azərbaycanlı sosial media fəalları Bəyanat yayıb

Fransa Kibertəhlükəsizlik Agentliyinin hədəfinə çevrilmiş azərbaycanlı sosial media fəalları Bəyanat yayıb
# 27 may 2024 17:44 (UTC +04:00)

Bir qrup şəxs Fransanın azərbaycanlı sosial media fəallarına qarşı ədalətsiz hərəkətləri ilə bağlı beynəlxalq təşkilatları məlumatlandırmaq məqsədilə Bəyanat yayıb.

APA-nın məlumatına görə, Bəyanatda deyilir ki, özünü söz və ifadə azadlığının müdafiəçisi kimi təqdim etməsinə baxmayaraq, Fransa öz hərəkətləri ilə bağlı müxalif fikirləri riyakarcasına inkar edir: “Biz beynəlxalq qurumları fundamental azadlıqların pozulması hallarına qarşı tədbir görməyə çağırırıq.

Bizim XXI əsrdə Fransanın neokolonializm siyasətinə qarşı etirazımız müxtəlif xalqların davamlı istismarı və onların əsarətdə saxlanılması ilə bağlıdır. Fransanın yürütdüyü bu siyasət, o cümlədən iqtisadi istismar və siyasi müdaxilə onun müstəmləkəçilik düşüncəsini davam etdirdiyini göstərir. Biz aşağıdakı məsələlərə qarşı etirazımızı bildiririk:

1. Fransanın digər ölkələrin resurslarını istismar edən iqtisadi siyasəti;

2. Həmin xalqların suverenliyinə xələl gətirən siyasi müdaxiləsi;

3. Regionlarda sabitliyi pozan separatçı hərəkatlara dəstək verməsi.

Biz sosial mediada narahatlığımızı bildirdikdən sonra Fransa Kibertəhlükəsizlik Agentliyinin (VIGINUM) rəhbərlik etdiyi koordinasiyalı təqib kampaniyasının hədəfinə çevrildik və bu kampaniya bizim fərdi təhlükəsizliyimizə, peşəkar nüfuzumuza və ifadə azadlığımıza ciddi təsir göstərdi.

VIGINUM-un qərəzli ittihamlarından sonra bizə qarşı sosial şəbəkələrdə koordinasiyalı şəkildə təzyiqlər və təhdidlərlə başlanıldı. Bizim sosial şəbəkə hesablarımızın qeydiyyatı zamanı təqdim etdiyimiz məlumatlarımızın məqsədli şəkildə ictimailəşdirilməsi fərdi təhlükəsizliyimizi təhdid altında qoyub. Fransanın dövlət qurumlarının bu addımları peşəkar imicimizə xələl gətirib, bizə mənəvi zərbələr vurub və ləyaqətimizin alçaldılmasına yol verib.

Fransa qlobal miqyasda dəstəklədiyini iddia etdiyi dəyərlərə qarşı tez-tez çıxış edir. Cənubi Qafqaz regionu Fransanın müstəmləkəsi olmasa belə, bu, Fransanın regionun narahatlıq və qeyri-sabitliyə səbəb olan daxili işlərinə qarışmasına mane olmur.

Xüsusilə Ermənistan və Azərbaycan arasında münaqişədən sonrakı həssas dövrdə Fransa nəticəyə əks təsir göstərən rol oynayır. Hər iki ölkənin sülh sazişinin imzalanması istiqamətində konkret addımlar atdığı bir zamanda, vaxtilə münaqişənin həlli ilə məşğul olan Minsk qrupuna həmsədrlik edən Fransa bunun əvəzində Ermənistanın daxilində revanşist və separatçı ünsürləri dəstəkləməyə üstünlük verir. Fransa bununla sülh prosesinə xələl gətirir və regional gərginliyi daha da artırır.

Bundan başqa, Fransa azərbaycanlılara və türklərə qarşı cinayət törətmiş şəxsləri sığınacaqla təmin edir. Separatçı hərəkatlara və terrorçulara verilən bu dəstək Fransanın sülh və ədalətə sadiqliyinə birbaşa ziddir.

Biz beynəlxalq təşkilatlara çağırış edirik ki, Fransanın öz hərəkətlərinə görə cavab verməsi ilə bağlı tədbir görsünlər. Fransanın yanlış hərəkətlərini ifşa edən səslərin boğulmasını pisləmək və bununla bağlı qanuni tədbirlər görmək vacibdir. Beynəlxalq ictimaiyyət söz və ifadə azadlığı, digər ölkələrin işlərinə qarışmamaq prinsipi kimi əsas dəyərləri sarsıdan hər bir ölkəyə qarşı çıxmalıdır. Bu dəyərlər sivil dünyanın ayrılmaz hissəsidir, dünyada sülhün və ədalətin qorunması üçün çox böyük əhəmiyyət kəsb edir.

Beynəlxalq təşkilatlar Fransanın bu hərəkətlərinə qarşı sərt mövqe tutmaqla həm ali dəyərlərə sadiq olduqlarını bir daha təsdiqləyə, həm də heç bir ölkəyə ədalətsizliklə mübarizənin qarşısına sədd çəkməyə imkan verilməyəcəyini nümayiş etdirə bilərlər”.

Bəyanatı İslam Bafadarov, Sərvaz Abbasov, Anar Qazıyev, Fatimə Şıxıyeva, Elməddin Behbud, Ayşən Aslan Məmmədli, Samirə Talıbova, Tacəddin Gözəlov, Aygün Cəlilzadə və Fəridə Əyyubova imzalayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR