Böyüklər qızılca xəstəliyini daha ağır keçirirlər.
APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib. Həkimin sözlərinə görə, buna səbəb həmin şəxslərin uzun illər əvvəl peyvənd almağına və ya heç peyvənd olunmadıqlarına görədir.
Həkim qeyd edib ki, qızılcaya yoluxan şəxsdə ilkin mərhələdə yüksək hərarət 4 günə qədər davam edir. Həkim deyib ki, 4 gündən sonra isə səpkilər əmələ gəlməyə başlayır:
“Səpkili dövr də 4 gün davam edir və bu müddətdə də temperatur yüksək olur. Həmin dövrlər yoluxduruculuq baxımından yüksək olur”.
Qızılcanın atipik halları barədə danışan həkim deyib ki, bu vəziyyətdə xəstəyə diaqnoz qoyulması üçün qan analizi götürülməli və qızılcaya yoluxma halı ya inkar edilməli, ya da təsdiqlənməlidir.
Həkim deyib ki, qızılcanın geniş yayılmadığı hallarda yoluxma ilə bağlı şübhə varsa, laborator təsdiqə ehtiyac olur:
“Lakin xəstəliyin alovlanma dövründə bütün xəstələrin laborator müayinə edilməsinə ehtiyac yoxdur”.
Allergiyası olan uşaqların qızılcaya qarşı peyvənd olunub-olunmaması barədə danışan həkim deyib ki, əgər uşaqda yumurta zülalına qarşı allergiya varsa, bu, əks göstəriş hesab oluna bilər.
“Hamilə və hamiləlik planlaşdıran şəxslərə, ağır qan, onkoloji xəstəliyi, immun çatışmazlığı olan xəstələr üçün də qızılcaya qarşı peyvənd əks göstərişdir”, - deyə həkim qeyd edib.
Həkim bildirib ki, 40 yaşa qədər hər kəs qızılcaya qarşı peyvənd olunmaq üçün ərazi üzrə poliklinakalara müraciət edə bilərlər:
“Peyvənd olunmamış insanlar gec olmadan vaksin olunmaq üçün müraciət etməlidirlər. Uşaqların peyvənd təqvimi üzrə vaksin almasına qarşı valideynlər həssas yanaşmalıdır”.
Həkim qarşıdan bayram günlərinin gəldiyini xatırladaraq əhaliyə çağırış edərək bildirib ki, həmin günlərdə peyvənd etdirməmiş şəxslər qapalı, əhalinin sıx toplaşdığı yerlərdən mümkün qədər uzaq olsunlar.
"Azərbaycana qızılcaya qarşı idxal olan peyvənd Hindistan istehsalıdır və təhlükəsizdir. Bu il dekabr ayının əvvəlindən qızılcaya qarşı peyvənd etdirənlərin sayında artım müşahidə edilir".