Bu gün Gəncədə, Xankəndi sakinlərinin müvəqqəti məskunlaşdığı qəsəbədə Kərkicahan şəhidlərinin anım tədbiri keçirilib.
APA-nın yerli bürosunun məlumatına görə, “Qarabağa dönüş” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən yığıncaqda Xankəndi sakinləri, şəhid ailələri, Qazilər, Müharibə Veteranları İctimai Birliyinin üzvləri, Xocalı rayon İcra Hakimiyyətinin təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində və Azərbaycanın ərazi bütövlüyü şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Kərkicahan İcra nümayəndəsi Dərgah Haqverdiyev ermənilərin törətdikləri vəhşiliklərdən, azərbaycanlılara qarşı həyata keçirilən soyqırımlarından danışıb.
İcra nümayəndəsi qeyd edib ki, Kərkicahan son ana qədər erməni işğalçıları ilə mübarizə aparan yaşayış məntəqələrindən olub: “Ermənilər hələ o zamanlar Kərkicahanı boğazlarında ilişib qalan sümük adlandırırdılar. Burada toplaşanlar arasında həmin günlərin canlı şahidləri var. Kərkicahan şəhidlərinin, bütün Vətən uğrunda canından keçən şəhidlərin ruhunu dərin hörmətlə anırıq. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında inanırıq ki, yaxın vaxtlarda Azərbaycan bayrağı dədə-baba yurdumuz olan Xankəndidə dalğalanacaq”.
Sonra çıxış edənlər Kərkicahan uğrunda döyüşlərdə 40-ı qadın olmaqla 150-dən şəxsin şəhid olduğunu qeyd ediblər.
Tədbirdən sonra şəhidlərin ruhuna ehsan verilib.
Qeyd edək ki, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsi 28 dekabr 1991-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib.