Böyük Britaniya səfirliyi, İsveç səfirliyi və Gender Hubın ilə birgə təşkil etdiyi, Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “DigitALL: Gender bərabərliyi üçün innovasiya və texnologiya” adlı konfransın bağlanış mərasimi keçirilib.
APA xəbər verir ki, mərasimdə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld və İsveçin Azərbaycandakı səfiri Tobias Lorentzson çıxış edib.
Britaniya səfiri çıxışında bildirib ki, bu təşəbbüslər rəqəmsal bərabərsizliyin aradan qaldırılmasında vacib rol oynayır. Britaniyalı diplomat eyni zamanda əlavə edib ki, rəqəmsal dünya üstünlüklər yaratsa da yeni problemlər də yaradır.
"Biz rəqəmsal platformanın qızlar, qadınlar üçün tam əlçatan olmasını gözləyirik. Texnologiya vasitələri qızların təhsilini təkmilləşdirməyə, qadınların, qızların bizneslərinin inkişafını dəstəkləməkdə önəmli rol oynayır. Biz həmçinin texnologiya ilə bağlı sahələrdə qadınların fəaliyyətini dəstəkləməklə gender stereotiplərini qırmalıyıq".
Səfir Auld deyib ki, cəmiyyətdə rol model olan uğurlu qadınlar üçün platformalar vacibdir çünki müsbət rol modellərin təbliği qızların bu sahələrə seçməsinə, stereotiplərin öhdəsindən gəlməsinə yardım edir. Daha sonra İsveçin Azərbaycandakı səfiri Tobias Lorentzson çıxış edib.
"Bu konfransda iştirak edənlər arasında yalnız Bakıdan deyil, həmçinin regionlarda gələnlər də var, bu cür fəal iştirakı görmək çox xoşdur. Biz Britaniya səfirliyi ilə bu konfransı keçirməkdən məmnunuq. Bəzən qadınlar və qızların rəqəmsal platformalara girişi məhdud olduğu üçün onlar öz potensialını reallaşdıra bilmir. Ancaq eyni zamanda onlayn zorakılıq da bir problemdir. Qadınlar onlayn bullinqə məruz qalır məsələn qadın jurnalistlərin 73 faizi onlayn bullinqlə üzləşir. Gender bərabərliyi mövzusu İsveç hökumətinin gündəliyində olan əsas məsələlərdən biridir. Həmçinin rəqəmsal bərabərliyin azaldılması da əsas məqsədlərimizdən biridir", o deyib.
Səfir çıxışında gender əsaslı zorakılığa da toxunub və əlavə edib ki, hökumətlərin gender əsaslı zorakılığını aradan qaldırmaq üçün alətləri var. "İstanbul Konvensiyası bu alətlərdən biridir, ümid edirik ki, Azərbaycan da İstanbul Konvensiyasına qoşulmaq istiqamətində irəliləyəcək", səfir Lorentzson vurğulayıb.