Keçən il məişət zorakılığı ilə əlaqədar cinayət hadisələri və ölümlərin sayı məlum olub.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə Məlumatı”nda əksini tapıb.
Məişət zorakılığı nəticəsində qadın zərərçəkmişlər
Baş Prokurorluğun məlumatına əsasən, 2024-cü il ərzində qeydə alınmış cinayət hadisələri üzrə 22325 zərərçəkmiş şəxsin 7130-u qadın olub. Zərərçəkmiş qadınlardan 3059-u xəsarət alıb, 268-i isə ölüb. Müqayisə üçün, 2023-cü ildə 24287 zərərçəkmiş şəxsin 7134-ü qadın olub.
Zərərçəkmiş qadınlardan 2996-sı xəsarət almış, 296-sı ölüb. 2024-cü il ərzində məişət zorakılığı ilə bağlı baş vermiş cinayət hadisələri üzrə 1471 (2023-cü ildə -1513) zərərçəkmiş şəxsdən 1228-i (2023-cü ildə - 1224) qadın olub, onlardan 1196-ı (2023-cü ildə - 1173) xəsarət alıb.
Cinayət törətmiş şəxslər üzrə gender bölgüsü
2024-cü ildə 22485 cinayət törətmiş şəxs müəyyən edilib, onlardan 1235-i qadın olub. 2023-cü ildə 25006 cinayət törətmiş şəxsdən 1299-u qadın olub.
2024-cü il ərzində rayon (şəhər) prokurorluqlarında 639 özünü öldürmə hadisəsi qeydə alınıb ki, onlardan 498-i kişi, 141-i qadın olub.
Keçən il Daxili İşlər Nazirliyində məişət zorakılığı ilə bağlı 9014 müraciət qeydə alınıb. 2023-cü ildə bu rəqəm 9389, 2022-ci ildə isə 9864 olub. Bu da məişət zorakılığı ilə bağlı müraciətlərin azaldığını göstərir. Məişət zorakılığı ilə bağlı qeydə alınmış 1451 cinayətdən 1254-ü qəsdən sağlamlığa yüngül zərər vurma, 83-ü qəsdən sağlamlığa az ağır zərər vurma, 42-i qəsdən adam öldürmə, 25-i qəsdən sağlamlığa ağır zərər vurma, 15-i adam öldürməyə cəhd, 14-ü əzab vermə, 18-i digər növlərdir. Həmin cinayətləri törətmiş 1283 şəxs (qadın - 62; kişi - 1221) şəxs məsuliyyətə cəlb olunub. Bu əməllər nəticəsində 1471 zərərçəkmiş şəxs (qadın - 1228; kişi - 243) müəyyən edilib. Bununla yanaşı 2 cinayət təkrar törədilib.
2024-cü ildə ailə münaqişəsi və qısqanclıq zəminində ölümlə nəticələnən 42 cinayət qeydə alınıb.
2024-cü ildə qadınlarla bağlı 6778 , o cümlədən zorakılıqla müşayiət olunan 2427 cinayət qeydə alınıb. Qısqanclıq, ailə münaqişəsi və məişət zəminli cinayətlərin sayı 1217, o cümlədən qadının cinsi toxunulmazlığı əleyhinə törədilmiş cinayətlərin sayı 171 fakt olub.
Qeyd edilib ki, 2023-cü ildə isə qadınlarla bağlı 6825, o cümlədən zorakılıqla müşayiət olunan 2344 cinayət qeydə alınıb. Qısqanclıq, ailə münaqişəsi və sairə məişət zəminli cinayətlərin sayı 1210, o cümlədən qadının cinsi toxunulmazlığı əleyhinə törədilmiş cinayətlərin sayı 147 fakt olub. Qadınlara qarşı törədilmiş cinayətlərlə bağlı 4468 şəxs müəyyən edilərək 61,4%-i (2745-i) məsuliyyətə cəlb olunub.
İnsan alveri və qadınların cəlb olunduğu hallar
2024-cü ildə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 162 insan alveri cinayəti qeydə alınıb. Cinayətlərdən zərər çəkmiş 91 qurbandan 90-ı qadın olub. 52 özünü öldürmə həddinə çatdırma cinayəti qeydə alınıb, intihar etmiş şəxslərdən 35-i qadın 17-i kişi olub.
Narkotik vasitələrin dövriyyəsində iştirak edən qadınlar
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 8678 cinayət faktı aşkarlanıb. Həmin cinayətləri törətmiş 7193 şəxsin 96,9%-ni (6.970-i) kişilər, 3,1%-ni (223-ü) qadınlar təşkil edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən, 2024-cü ildə məişət zorakılığı ilə bağlı 594 müraciət daxil olub. Müraciət əsasında zorakılığa məruz qalanların 52-si kişi, 534-ü qadın, 436-sı uşaq, 8-i əlil, 5-i ahıl, 4-i şəhid ailəsi, müraciət əsasında zorakılıq törədənlərin isə 555-i kişi, 252-si qadın olub.
Müraciətlərin zorakılığın növlərinə görə təhlili göstərir ki, müraciət edənlərin 136-sı psixoloji, 403-ü fiziki, 45-i iqtisadi və 10-u cinsi zorakılığa məruz qalıb.
Müqayisə üçün bildirək ki, 2023-cü ildə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 560 müraciət daxil olub, zorakılıq törədənlərin isə 497-si kişi, 133-u qadın olub. Bu da onun göstərir ki, 2024-cü ildə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı müraciətlərin sayı artıb.