Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov iyulun 29-da Xidmətin Goranboy rayon şöbəsinin inzibati binasında Goranboy, Gəncə, Samux, Göygöl, Daşkəsən, Kəlbəcər şəhər və rayonlarından olan vətəndaşları qəbul edib.
Dövlət Xidmətindən APA-ya verilən xəbərə görə, qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib.
Qəbulda 2 şəhid ailəsi və 4 müharibə iştirakçısı olmaqla 28 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar Dövlət Xidmətində həqiqi hərbi xidmətə və ya işə qəbul, tibbi şəhadətləndirmə və s. məsələlərlə bağlı müraciət ediblər.
Xidmət rəisi qəbul zamanı hər bir vətəndaşın müraciətini dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara yönəldilib.