Əlilliyin təyin edilməsi ilə bağlı yeni kriteriyalar təsdiq olunandan sonra çox ciddi şəkildə yüngülləşmə oldu.
APA xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, bununla bağlı keçirilən bütün komissiyalara həm TƏBİB, həm hərbi məsələlərdisə, hərbi həkimlər, Səhiyyə Nazirliyinin həkimləri, nazirlik yanında İctimai Şuranın üzvləri və əlilliklə bağlı ictimi təşkilatlar, QHT-lərin nümayəndələri dəvət olunur:
“Hər həftə bu müayinələri aparırıq. Əlilliklə bağlı narazılıq edən çox kiçik qrup qalıb. Onların hər biri 4-5-6 dəfə komissiyada olub. Hər dəfə videomüşahidə ilə müayinə aparılıb və o insanlara bildirilib ki, həmin şəxsə əlillik düşmür. Həmin şəxslər bu qərarla razılaşmaq istəmir, biz artıq onları tanıyırıq. 2 ay sonra yenə sənədlərini göndərir, biz yenə onu dəvət edirik, bir daha komissiyadan keçir. 6300 şəhadətləndirilmiş müharibə iştirakçısından 4021 nəfərinə əlillik təyin edilib".
Nazir deyib ki, əlilliyin təyin edilməsi meyarları 2022-ci ildə yumşaldıqdan sonra 1700-ə yaxın şəxsə əlillik verilib.
Nazir bildirib ki, onların 43%-i məhz kəllə-beyin travması alanlardır:
“Burada xüsusi olaraq psixi təsirləri nəzərə almışıq. Səhiyyə Nazirliyinin psixiatrları cəlb olunub. Onlar hər gün komissiyalarda qəbullar keçiriblər və gündə 40-50 qazi və müharibə iştirakçısı qəbul ediblər. Bunun nəticəsində ümumi əlillik təyinatının 43%-i bu psixi pozuntularla bağlı təyin edilib.