Bank Of Baku

Ombudsman: Borclu şəxslərin azadlıq hüququnun məhdudlaşdırılması, əsassız saxlanılma halları müşahidə edilib

Ombudsman: Borclu şəxslərin azadlıq hüququnun məhdudlaşdırılması, əsassız saxlanılma halları müşahidə edilib
# 03 mart 2023 14:10 (UTC +04:00)

Saxlamanın əsasları, qanuniliyi, müddət və şərtləri, saxlanılan şəxslərin hüquqlarının təmini, bununla bağlı hüquq-mühafizə orqanlarının vəzifələri milli qanunvericiliklə yanaşı, beynəlxalq normalarda da təsbit olunub.

APA xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsi”ndə əksini tapıb.

Sənəddə bildirilib ki, qeyd olunanlara baxmayaraq, bu tələblərin pozulması hallarına hələ də rast gəlinir.

Sənəddə qeyd edilib ki, başçəkmələr zamanı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis bölməsinin araşdırma otağında 2 nəfər şəxsin tutma haqqında protokol olmadan, eyni zamanda Xəzər Rayon Polis İdarəsinin Müvəqqəti saxlama yerində şəxsin prosessual qanunvericiliyin tələblərinə zidd olaraq 48 saatdan artıq saxlanıldığı, habelə Şəmkir Rayon Polis Şöbəsinin Müvəqqəti saxlama yerində saxlanılan şəxsin məhkəməyə vaxtında aparılmadığı, bununla da qanunvericiliyin tələblərinin pozulduğu aşkar edilmiş, həmin hallarla bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciətlər edilib.

Cinayət-prosessual qanunvericiliyinə əsasən, hər bir tutulmuş və ya həbsə alınmış şəxsə dərhal tutulmanın, yaxud həbsə almanın səbəbləri, habelə şübhənin və ya ittihamın mahiyyəti, ifadə verməmək və müdafiəçi tərəfindən hüquqi yardım almaq hüquqları ona aydın olan dildə bildirilməlidir.

Başçəkmələr zamanı qanuni əsaslarla saxlanılan şəxslərlə bağlı müvafiq prosessual müddətlərə riayət edilib-edilməməsinin də monitorinqi aparılıb.

Qeyd edilib ki, Sabunçu Rayon Polis İdarəsində aparılmış başçəkmə zamanı sənədləşmə araşdırılarkən idarənin 15-ci Polis Bölməsinin baş təhqiqatçısı tərəfindən tərtib edilmiş tutma haqqında protokola əsasən, şəxsin 48 saatdan artıq müddətdə saxlanıldığı aşkar olunub.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinə digər başçəkmə zamanı şəxsin tutulmasının dörd gün davam etdiyi və bu müddət ərzində araşdırma otağında saxlanıldığı müəyyən olunub. 30 gün inzibati həbs alan həmin şəxsin COVID-19 test cavabı olmadığı üçün müvafiq həkim rəyinin olmaması səbəbi ilə İnzibati Həbs Olunanların Saxlanılması Mərkəzi tərəfindən qəbul edilmədiyi MSY tərəfindən bəhanə kimi göstərilib. Lakin “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”nda onun saxlanıldığı tarixdə buraxılması (göndərildiyi) barədə məlumatın qeyd olunduğu müəyyən edilib.

Bəzi hallarda polis orqanlarındakı müvafiq qeydiyyat kitabında qeydlərin sadə qələmlə aparılması hallarına rast gəlinir ki, bu da həmin qeydlərin sonradan rahatlıqla dəyişdirilməsi kimi qanun pozuntusuna yol verilməsinə imkan verir. Bununla yanaşı, polis orqanları tərəfindən borc tələbi ilə bağlı müvafiq məhkəmə qərarlarına əsaslanaraq borclu şəxslərin azadlıq hüququnun məhdudlaşdırılması, polis tərəfindən əsassız saxlanılması halları da müşahidə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR