Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində baş verən qəza nəticəsində xəsarət alanlar Bakıda “Bona Dea” Hospitalına yerləşdiriliblər.
APA xəbər verir ki, Hospitalın baş həkimi Cabir Gülmalıyev deyib ki, günorta saatlarında 6 nəfər avtoqəza keçirmiş PFL komandasının xəsarət almış üzvləri xəstəxanaya aparılıblar:
“Onlardan Elxan Səmədov və Aslan Şahgəldiyevin vəziyyəti digərlərinə nisbətən daha kritikdir. Hər ikisi hazırlıqlardan sonra əməliyyat olunacaqlar. Digər xəstələrə ilkin tibbi müdaxilə olunub və vəziyyətləri stabildir. Stasionara yatırılıblar”.
Qeyd edək ki, mikroavtobusda qəzaya düşən şəxslər Peşəkar Futbol Liqasının (PFL) əməkdaşlarıdır. Elxan Səmədov PFL-in prezidenti, Aslan Şahgəldiyev vitse-prezidenti, Zaur Hacıməhərrəmov icraçı direktor, Elgiz Abbasov texniki-idman direktoru, Sənan Abdullayev media və marketinq direktoru, Rasim Qafarlı isə sürücüdür.
***
11:50
Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində baş verən qəza nəticəsində xəsarət alan 6 nəfər (kişi) 16.12.2023-cü il tarixində saat 07:05 radələrindən başlayaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.
Bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Onlardan 2-nin vəziyyəti ağır, 2-nin vəziyyəti orta ağır, 2-nin vəziyyəti isə stabil qiymətləndirilir.
Xəsarət alan şəxslər Bakıda yerləşən özəl tibb müəssisəsinə təxliyə olunublar.
Qeyd edək ki, Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində “Mercedes” markalı mikroavtobusun yol kənarındakı maneəyə çırpılması nəticəsində 6 nəfər xəsarət alıb. Onlar Bakı sakinləri 1984-cü il təvəllüdlü Abdullayev Sənan Məstəli oğlu, 1974-cü il təvəllüdlü Səmədov Elxan Zakir oğlu, 1982-ci il təvəllüdlü Qafarlı Rasim Məmmədrəsul oğlu, 1981-ci il təvəllüdlü Şahgəldiyev Aslan Yadigar oğlu, 1990-cı il təvəllüdlü Abbasov Elgiz Rafiq oğlu, 1981-ci il təvəllüdlü Hacıməhərrəmov Zaur Tahir oğludur. Mikroavtobusda qəzaya düşən şəxslər Peşəkar Futbol Liqasının (PFL) əməkdaşlarıdır. Elxan Səmədov PFL-in prezidenti, Aslan Şahgəldiyev vitse-prezidenti, Sənan Abdullayev isə mətbuat katibidir.