Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər üzrə professoru, siyasi elmlər doktoru Elçin Əhmədov Ankarada fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü (akademik) seçilib.
APA xəbər verir ki, türk dünyası elminə verdiyi böyük töhfələrə görə akademiyanın Beynəlxalq Təltif Komitəsinin qərarı ilə “Qızıl Ulduz” medalına da layiq görülüb.
Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının iclasında Baş Elmi Şuranın qərarı ilə akademiyanın həqiqi üzvü (akademik) seçilmiş professor Elçin Əhmədovun uzun illər Azərbaycan, o cümlədən Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə, xüsusilə türk dünyasına çatdırılması istiqamətindəki fəaliyyəti, çoxsaylı fundamental elmi əhəmiyyət daşıyan əsərləri yüksək qiymətləndirilib. Bununla yanaşı, bildirilib ki, Şuşada anadan olmuş və böyümüş Elçin Əhmədovun elmi araşdırmaları ilə yanaşı, Azərbaycanın maarifçilik və mədəniyyət beşiyi olan Şuşanın zəngin tarixi irsinin təbliği sahəsində yorulmaz fəaliyyəti, bu qədim şəhərin Azərbaycan tarixindəki rolu barədə müntəzəm olaraq yerli və xarici kütləvi informasiya vasitələrində analitik yazıları Türkiyədə də daim maraqla izlənməkdədir.
Qeyd edilib ki, Elçin Əhmədovun məhz 2022-ci “Şuşa İli”ndə xarici ölkələrdə 7 kitabının müxtəlif dillərdə nəşr edilməsi yüksək dəyərləndirilir.
Eyni zamanda, bütün bunlar Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçildiyi il baxımından da çox əhəmiyyətlidir.