Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində hüquq elmləri doktoru, professor İsfəndiyar Ağayevin “Cinayət Hüququ. Ümumi hissə” kitabının təqdimat mərasimi keçirilib.
APA xəbər verir ki, təqdimat mərasimində əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə hüquqşünaslar, alimlər, hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak edib.
Mərasimdə çıxış edən İsfəndiyar Ağayev kitab haqqında məlumat verib.
O bildirib ki, hüquqi düşüncə müstəqil olmalıdır, hüquq elmində kök salmış köhnə elmi ənənələrdən tədricən uzaqlaşmaq lazımdır: “Öz müstəqil inkişaf yolumuzu müəyyən etməli idik. Bunun üçün hüquq elmimiz dünya hüquq elminin ən mühüm nailiyyətlərini mənimsəməli və milli hüquq məktəbi formalaşmalı idi”.
Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurası sədrinin müavini, professor Vaqif Şadlinski, BDU-nun Hüquq fakültəsinin kafedra müdiri, professor Firuzə Abbasova, Qərbi Azərbaycan İcmasının Hüquq Komissiyasının sədri Zahid Cəfərov çıxışlarında İsfəndiyar Ağayevin hüquq elminə verdiyi töhfələrdən, müəllifi olduğu kitabların vacibliyindən söz açıblar.
Qeyd edək ki, “Cinayət Hüququ. Ümumi hissə” kitabı Azərbaycan Respublikası Elm və təhsil nazirinin 25 dekabr 2025-ci il tarixli əmri ilə ali təhsil müəssisələrinin tələbələri üçün dərslik kimi təsdiq edilib.
Nəşrdə cinayət hüququnun ümumi hissəsinə aid nəzəri və praktiki məsələlər müasir hüquqi yanaşmalar əsasında şərh olunub. Müəllif kitabda milli qanunvericiliklə yanaşı beynəlxalq hüquq təcrübəsinə də geniş yer verib.
İsfəndiyar Ağayev cinayət hüququ, beynəlxalq cinayət hüququ və cəza-icra hüququ sahələrində 20-dən artıq kitabın və 200-dən çox elmi məqalənin müəllifidir.
Onun əsərləri Azərbaycandan kənarda da nəşr olunub.