RDM-in həkimi, neyrocərrah Pərvin Mirzəliyev: Artıq beyin cərrahiyyəsi ilə bağlı xaricə getməyə ehtiyac yoxdur - MÜSAHİBƏ

Neyrocərrah Pərvin Mirzəliyev

© APA | Neyrocərrah Pərvin Mirzəliyev

# 12 avqust 2024 15:28 (UTC +04:00)

“Hazırda beyin cərrahiyyəsi ilə bağlı edə bilmədiyimiz əməliyyat yoxdur”

Bunu APA-ya müsahibəsində Respublika Diaqnostika Mərkəzinin həkimi, neyrocərrah Pərvin Mirzəliyev deyib.

Müsahibəni təqdim edirik:

- Əvvəlcə özünüz haqqında bir az daha ətraflı məlumat verməyinizi istəyirəm.

- Mən 1993-cü ildə Quba rayonunda anadan olmuşam. Orta məktəbi orada bitirmişəm. 2010-2016-cı illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-Profilaktika fakültəsində oxumuşam. 2016-2018-ci illərdə isə Azərbaycan Neyrocərrahiyyə Xəstəxanasında rezidenturaya qəbul olmuşam. 2018-2024-cü illərdə isə Ankara Gazi Universiteti Xəstəxanası Neyrocərrahiyyə şöbəsində uzman olaraq fəaliyyət göstərmişəm. Burada beyin və sinir cərrahiyyəsi ilə yanaşı, radiocərrahiyyə təhsili də almışam. Gazi beyin cərrahiyyəsinin ilk əcnəbi uzmanıyam. Buna şüa cərrahiyyəsi də deyə bilərik (Gamma Knife, Cyber Knife). Hətta bu sahədə sertifikata da layiq görülmüşəm. “Gamma Knife” hələ ki Azərbaycanda yoxdur. Bunu tətbiq etmək üçün zəruri avadanlıq olmadığı üçün hazırda bu metodu tətbiq edə bilmirik. Lakin “Gamma Knife”ın tətbiqi ilə bağlı planlarımız var. “Gamma Knife” 3D mühitində xəstənin beyninin bütün detalları ilə təsvirini yaradaraq, birbaşa damar mənşəli sıxıntılar (AVM), psixiatrik pozuntular (OKB) olan yerə şüa dalğaları ötürməklə edilən cərrahiyyə üsuludur. Bu dalğalar birbaşa hədəflənən toxumada dağılır, nəticədə keçdiyi yerə heç bir zərər vermir. Məsələn, bədxassəli şişləri qurudur. Mükəmməl bir üsuldur.

- Ölkəmizdə ilk dəfə sizin həyata keçirdiyiniz STA MCA bypass beyin əməliyyatı haqqında ətraflı məlumat verə bilərsiniz?

- İlk dəfə mən etmişəm, ya yox, düzü, bunu bilmirəm. Bu, çox önəmli bir mövzu deyil. Sadəcə qısa bir zamanda 4 “bypass” əməliyyatı etdik və hər biri də uğurlu oldu. Əlbəttə, önəmli olan budur.

“Mən insultun 25-ci saatında əməliyyat olunan və belə nəticəsi olan xəstə görməmişəm”

- “Bypass” nədir?

- Bunu xüsusilə beyin damar tıxanıqlığı olduqda edirik. Beyin ön və arxa tərəfdən iki damarla qidalanır. Ön tərəfdən beyni hamının bildiyi şah damarlar qidalandırır. Arxa tərəfdən isə onurğa ətrafından daha xırda damarlar bu funksiyanı icra edir. Burada əsas vacib olan boyundan gedən şah damarlardır. Təxminən, barmaq qalınlığında olurlar və onların tıxanıqlığı zamanı beynə qan getmir. Təbii ki, burada tam və qismi tıxanıqlıq ola bilər. “Bypass” üçün vaxt olduqca vacib amildir. Damar əgər ani tıxanıbsa, ilk 4-6 saatda müdaxilə ilə xəstəni fəsadlar qalmadan belə xilas etmək olar. Buna görə də keçən hər saat həm xəstə, həm də bizim əleyhimizə işləyir. Yəni müdaxilə etməsək, xəstə insulta doğru gedir. Bu zaman nəzəriyyə deyir ki, ona “bypass” etməyin heç bir mənası yoxdur. Lakin biz buna MRT ilə qərar veririk. İnsult öncəsi bir hal varsa, tutaq ki, sağ və sol beyin arasında cüzi bir rəng dəyişimi, buzlanma varsa, biz bu xəstəni “bypass” edə bilərik. Buna örnək olaraq bu yaxınlarda əməliyyat etdiyimiz qazimizi deyə bilərəm. Xəstə insultun 25-ci saatında bizə gəldi. Nəzəriyyə bu hallarda deyir ki, bu xəstə üçün ediləcək bir şey yoxdur. İnsult sol beyində idi. Belə demək olar ki, xəstənin 4-6 saatı qalmışdı. Nitqi itmişdi və bir tərəfi iflic idi. Biz əməliyyatı etdik. Bu bir risk idimi? Bəli, yüzdə yüz risk idi. Sonra belə situasiyanı ədəbiyyatda axtardım. Mən insultun 25-ci saatında əməliyyat olunan və belə nəticə alan xəstə görməmişəm. 4 STA “bypass” beyin əməliyyatını biz həyata keçirdik.

“Qafqaz xalqlarında bu damar çox incədir. Normalda Avropa, Amerika, Afrika xalqlarında bu damarın ölçüsü 6 mm olur. Bizim xalqlarda isə STA damarının ölçüsü 1-2 mm olur”

- Etdiyiniz əməliyyat ilk olduğu üçün istəyirəm, bizə sadə dildə bunun icrası barədə qısa məlumat verəsiniz.

- Beyni qidalandıran əsas damar tıxandığı üçün üzdən gələn STA adlı damarı zədələmədən 5-6 sm çölə çıxarırıq. “Bypass” cərrahiyyəsi ən xırda xətanı belə qəbul etmir. Qafqaz xalqlarında bu damar çox incədir. Normalda Avropa, Amerika, Afrika xalqlarında bu damarın ölçüsü 6 mm olur. Bizim xalqlarda isə STA damarının ölçüsü 1-2 mm olur. Mən daha böyük damar görməmişəm. Bu da işi bir az daha çətinləşdirir. Sonra beyin açılır. Beynin qidalanmayan arteriyası tapılır. Alındakı sərbəstləşdirdiyimiz damarı həmin damar ilə əlaqələndiririk. Nəticə etibarilə, beyin üzdən gələn damarlardan qidalanmağa başlayır. Zamanla bədən də buna uyğunlaşır.

- Əməliyyatdan sonra nələrə diqqət olunmalıdır?

- Bütün əməliyyatlardan sonra proses eynidir. Beyin əməliyyatından sonra, əsasən, xəstə reanimasiyaya göndərilir. Adətən, uşaqlar 4-6 saat, böyüklər isə bir gün reanimasiyada qalır. Tam ayıldıqdan sonra palataya köçürülür. Gün ərzində, ən azı, iki saatdan bir mən özüm xəstəyə baş çəkirəm. Çünki müxtəlif komplikasiya riskləri var. Beyin əməliyyatı olan xəstə palatada ciddi bir müalicə dövrü keçir, daimi olaraq tibb bacılarının müşahidəsi altında olur. Xəstəni 3, bəzən də 4 gün xəstəxanada saxlayırıq. Bu da xəstəyə görə dəyişə bilər. Nəticədə, xəstə artıq evə gedəndə yara sarğısı etmir və bütün məişət qayğılarını özü çəkə bilir. Əlindən tutmağa, yedirilməyə qətiyyən ehtiyac olmur. Yəni biz xəstəni bu formada yola salırıq.

“Xroniki şəkildə damarın tutulmasının ən böyük səbəbi yağlardır, yəni piylənmə”

- Yaxşı, bəs bu əməliyyat üçün risk qrupuna kimlər daxildir?

- Şəkərli diabet, hipertenziya xəstələri, uzun müddət törəmə ilə yaşayan insanlar, eləcə də sistemik xəstəlikləri olan insanlar. Xüsusilə piylənmədən əziyyət çəkən adamlarda belə hallar daha yayğındır. Çünki xroniki şəkildə damarın tutulmasının ən böyük səbəbi yağlardır. Buna görə də xəstənin düzgün yönəldilməsi olduqca vacibdir. Nevropatoloqlar, kardioloqlar, damar invaziv həkimləri daha diqqətli olmalıdır. Belə ki “bypass” geniş yayılmış və hər kəsin məlumatlı olduğu bir cərrahiyyə növü deyil.

“Hazırda RDM-də beyin cərrahiyyəsi üçün lazım olan ən son texnologiya avadanlıqların satınalmaları aparılır”

- Əməliyyatlarınızı həyata keçirmək üçün lazımi şərait təmin olunurmu və bunu həyata keçirəcək komandaya sahibikmi?

- “Bypass” əməliyyatı mükəmməl bir komanda işi tələb edir. Məsələn, anestezioloq peşəkar olmalıdır. Beyin elə bir orqandır ki, bütün vücudu idarə edir. Onun ölməsi bütün vücudun ölməsi deməkdir. Buna görə də hər mərhələdə anestezioloqdan tələb olunanlar var. Üstəlik, bu əməliyyatda qanın laxtalanma sistemi sıfırlanır. Davamlı olaraq xəstəyə qandurulducu verilir. Buna görə də beyin əməliyyatına biz zəif bir komanda ilə girə bilmərik. Belə bir şey yoxdur. Anestezioloq, reanimotoloq, tibb bacıları və şərait bu əməliyyat üçün tam uyğun olmalıdır. Bir anestezioloq, sadəcə, bizim əməliyyatlara girməlidir. Reanimotoloq mənim xəstəmə baxmalıdır. Çünki beyin o qədər geniş və dərin bir sahədir ki, bu ona ömür boyu bəs edəcək. Beyni öyrənib qurtara bilmirik. Buna görə də ixtisaslaşmış mütəxəssislərdən ibarət komanda mütləqdir.

Şəraitə gəldikdə isə, beyin cərrahiyyəsini artıq texnologiya olmadan təsəvvür etmək mümkün deyil. Gördüyümüz işin 60%-i texnologiyanın köməyi ilə həyata keçirilir. Hazırda Respublika Diaqnostika Mərkəzində “bypass” əməliyyatı kimi əməliyyatları etmək üçün şərait var. Onu da deyim ki, Türkiyə praktikasında istifadə etdiyimiz təkmil texnologiyalar var ki, bir çox ölkələrdə bu avadanlıqlardan istifadə olunur. Bununla bağlı artıq xəstəxanaya təkliflərimizi vermişik. Beyin cərrahiyyəsi üçün lazım olan ən son texnologiya avadanlıqların satınalmaları hazırda davam edir. Bu cihazın olub-olmaması xəstə üçün heç nəyi dəyişmir. Sadəcə, mən bir törəməni 7 saata çıxaracağamsa, bu sayədə daha qısa müddətə çıxara bilərəm. Zaman qazanırıq və xəstə də daha az anesteziya alır.

- Pasiyentləri əməliyyat riskləri barəsində məlumatlandırırsınız?

- Mən əməliyyatdan öncə mütləq xəstələrə bütün risklər barədə məlumat verirəm. Ən böyük risklərdən biri qanamadır. Çünki bu əməliyyatda laxtalanma sistemi dayandırılır. Yüksək doza aspirin verilir. Beş xəstədən birində əməliyyat sonrası qanama olur. Buna görə də əməliyyata rezerv qan ilə giririk.

“Hazırda beyin cərrahiyyəsi ilə bağlı edə bilmədiyimiz əməliyyat yoxdur”

- Həkim seçimi ilə yanaşı, klinika seçimi də önəmlidir. Pasiyentlərinizə düzgün seçim üçün tövsiyələriniz nədir?

- Azərbaycanda İSO standartlarına uyğun “A kateqoriyası”nda iki özəl xəstəxana var. Birincisi, Respublika Diaqnostika Mərkəzidir. Mən beyin cərrahiyyəsindən danışacağam. Hazırda beyin cərrahiyyəsi ilə bağlı texnologiya, avadanlığımız və komandamız kifayət qədər olduğu üçün edə bilmədiyimiz beyin əməliyyatı yoxdur. “Baypass” etdiyimiz xəstələrdən biri 30, biri 72, biri 56, biri isə 48 yaşında idi. Təbii ki, 70 yaşdan yuxarı xəstələrdə əlavə risklər də var. Lakin yaşlıları, hətta ehtiyac olarsa, azyaşlıları da əməliyyat etmək üçün hər şəraitimiz var.

“Artıq beyin cərrahiyyəsində xaricə getməyə ehtiyac yoxdur”

- Bəs neyrocərrahiyyənin çətin tərəfləri nədir?

- Neyrocərrahiyyə ilk olaraq səbir tələb edən işdir. Amma çətinliklərin içində coğrafi çətinliklər ilk sırada dayanır. Ölkəmizdə beyin cərrahiyyəsi dedikdə dəhşətli dərəcədə travmatik, ölüm faizi yüksək olan bir əməliyyat yada düşür. Bir insanın beynində şiş varsa, bu insanın üzərində uzun müddətli plan qurmaq lazım deyil.

Artıq beyin cərrahiyyəsi bu qədər çətin deyil. Hər il səhiyyə üzərindən Türkiyəyə bir milyard dollardan çox maddi çıxış olur. Mənim orada yüzlərlə azərbaycanlı xəstəm olub. Amma ən azından, beyin cərrahiyyəsində artıq xaricə getməyə ehtiyac yoxdur. Daima psixoloji olaraq mükəmməl bir vəziyyətdə olmalısan. Çünki insanlar sənin yanına bütün neqativ düşüncə və ehtimallar ilə gəlir. Xəstəni və üstəlik, onun yaxınlarını psixoloji olaraq hazırlamaq işin, bəklə də, ən çətin tərəfidir. Bir xəstənin yanına onlarla adam gəlir. Hamısının da sualları olur. Son dərəcə möhkəm və iradəli olmalısan. Başqa bir nüans isə odur ki, xəstələr, adətən, xəstəliyinin son mərhələsində gəlir, yəni gecikdirilmiş şəkildə. Son iki ayda mən 33 əməliyyat etmişəm, bunun 20-yə yaxını “geridönüşü olmayan” səviyyədə olub. Bu yaxınlarda əməliyyat etdiyim xəstənin beyninin sol yarısı bütün şiş idi. Təsəvvür edin, 7 il izlənilib, bizə isə son mərhələdə gəlib.

“Hazırda ölkə xaricində oxuyan və işləyən 7 min həkim var ki, müharibə dövründə Azərbaycana qayıdan tək neyrocərrah mənəm”

- 44 günlük Vətən müharibəsində azərbaycanlı həkimlər ölkəyə qayıdaraq arxa cəbhədə yüzlərlə əsgərin yaşama ümidi oldu. Həmin dövrdə, eyni zamanda, pandemiya ilə mübarizə aparırdıq. Sizin həmin dövrdəki fəaliyyətiniz barədə daha detallı bilmək istərdik.

- Ölkəmizdə müharibə başlayanda biz Türkiyədə 13 nəfərlik bir komanda yığdıq. Könüllü olaraq yaratdığımız bu komanda ilə səfirliyə müraciət etdik. Çünki pandemiyanın sərt vaxtı idi. Uçuşlar dayandırılmışdı. Mülki olaraq ölkəyə gəlməyimiz mümkün deyildi. Bir ay davam edən yazışmalardan sonra təsdiq gəldi və bizi özəl bir təyyarə ilə Bakıya gətirdilər. Buradan da Ağcabədiyə getdik. Hazırda ölkə xaricində oxuyan və işləyən 7 min həkim var ki, müharibə dövründə Azərbaycana qayıdan tək neyrocərrah mən idim. Ağcabədi Mərkəzi Xəstəxanasını hərbi xəstəxanaya çevirmişdilər. Müharibə cərrahiyyəsi tamam başqa bir anlayışdır. Beyin cərrahiyyəsi üçün orada lazımi qədər təminat yox idi. Burada keyfiyyət anlayışı yox idi. Yalnız həyat mübarizəsi var idi. Yaralının həyatını xilas edib bir formada daha ixtisaslaşmış bir xəstəxanaya yollamalı idik. Çünki bizim olduğumuz yerdə elə bir şərait yox idi. Mənim mikroskopum, alətlərim yox idi. Müharibə cərrahiyyəsinə uyğun bir xəstəxana düzəldilmişdi, amma dərman olaraq bütün lazımi təminat var idi. Bizim orada 350-yə yaxın əsgər qəbulumuz olub, bir şəhid vermişik. Onun həyatını itirməyinə səbəb bizim onu gec görməyimiz oldu.

- Beyin sağlamlığı haqqında insanlara nələri məsləhət görərdiniz?

- Baş ağrıları, qıcolmalar, bulantı, qusma, görmədə hər hansı pozuntu, ətraflarda bir zəiflik, səhər qalxanda baş ağrıları, qulaqların, burnun, əlin, dodaqların böyüməsi kimi hallar beyindəki hər hansı problemin göstəricisi ola bilər. Keyimələr, yanmalar və bu kimi davam edən şikayətlər varsa, mütləq ilk olaraq ailə həkiminə müraciət edilməlidir. Su və duz ilə bağlı da qeyd etməliyəm. Lazımi miqdarda su içməli və günlük duz normasını qəbul etməliyik. Beyin üçün ən önəmli iki element duz və sudur. Təbii ki, ağrım varsa, neyrocərraha getməliyəm deyə bir fikir yoxdur. İlkin səhiyyə xidmətlərindən istifadə edib lazım olarsa, ixtisaslaşmış həkimə müraciət etmək lazımdır.

FOTO: Rüfət Mustafayev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR