Gender bərabərliyi Avropa İttifaqının əsas dəyərlərindən biridir və bu dəyəri biz Azərbaycanla da paylaşırıq.
APA xəbər verir ki, bunu Aİ-NİN Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko deyib.
Onun sözlərinə görə, insanlar öz seçimlərində, təşəbbüslərində qərarvermə prosesində sərbəst olmalıdır: “Qadınlar, qızlar inkişafın və dəyişikliyin aparıcı qüvvəsidir. Gender bərabərliyinin əldə olunması və qadınların gücləndirilməsi sağlam, güclü, bərabər, inklüziv cəmiyyətin gücləndirilməsi üçün vacibdir”.
Səfir Mixalko vurğulayıb ki, BMT-nin dayanıqlı inkişaf hədəflərinə görə, hazırkı templə proses davam edərsə, gender bərabərliyi üçün 286 il lazımdır: “Gəlin, bunun üçün 286 il gözləməyək, bu istiqamətdə hədəfimizə çatmaq üçün indi səylə çalışaq”.
Peter Mixalko Azərbaycanla birgə qadınların təhsil və məşğulluq sahəsində fəal iştirakına dəstək verdiklərini, layihələr həyata keçirdiklərini qeyd edib: “Biz bunun uğurlu nəticələrini görməkdən məmnunuq. Həyata keçirdiyimiz layihələrin qadın benefisiarları öz uğurlarını göstərmək üçün bizim kampaniyamıza qoşulacaq”.
Qeyd edək ki, Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi mart ayında “Qadın böyük qüvvədir” şüarı altında sosial kampaniya keçirir.