Şəhid analarının iştirakı ilə Naxçıvan şəhərində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
APA-nın Naxçıvan bürosu xəbər edir ki, tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək başda şəhid anaları, şəhidlərin həyat yoldaşları və bacıları olmaqla bütün Azərbaycan xanımlarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara ən xoş arzularını ifadə edib. İcra başçısı tarixin bütün dövrlərində Azərbaycan qadınının ağlı, təmkini, vəfası və yüksək analıq keyfiyyətləri ilə seçildiyini, zərifliyin, nəcibliyin, gözəlliyin rəmzi olduğunu söyləyib.
Azərbaycan qadınının bütün dünyaya nümunə olduğunu, eləcə də onların vətənpərvərliyin təbliğatçısı kimi rolunu vurğulayan Mirsənani Seyidov bildirib ki, məğrur, qəhrəman analarımızın yetişdirdiyi igid oğullar 30 il işğal altında qalan torpaqlarımızı 44 gündə azad etməyi bacardılar. İcra başçısı belə qəhrəmanları böyüdən analara minnətdarlığını bildirib.
Tədbirdə iştirak edən şəhid anaları onlara və ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda şəhid analarına gül dəstəsi və hədiyyələr təqdim olunub, xatirə şəkli çəkilib.