Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə FHN-in Sumqayıt Regional Mərkəzi Sumqayıt şəhərində “Su hövzələrində təhlükəsizliyin təmin olunması” mövzusunda müşavirə keçirib.
APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Sumqayıt Şəhər İcra Hakimiyyəti və şəhərin aidiyyəti təşkilatlarının məsul şəxslərinin iştirakı ilə keçirilən müşavirədə Xəzər dənizinin Sumqayıt şəhəri sahillərində Fövqəladə Hallar Nazirliyi tərəfindən təhlükəsizliyin təmin edilməsi məqsədilə keçirilmiş monitorinqin nəticələri və aşkar olunmuş nöqsanlar barədə geniş məlumat verilib.
Toplantıda, həmçinin yay mövsümündə çimərliklərdə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları, maarifləndirmə işinin vəziyyəti, həyata keçirilən təhlükəsizlik tədbirləri ilə bağlı da məlumat verilib, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.