“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
# 28 mart 2024 18:27 (UTC +04:00)

Gənclər və İdman Nazirliyi ilə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu arasında “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” Beynəlxalq Proqramının keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb.

APA xəbər verir ki, sənədi gənclər və idman naziri Fərid Qayıbov və İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidenti Taha Ayhan imzalayıblar.

İmzalanma mərasimində gənclər və idman nazirinin müavini İndira Hacıyeva, nazirliyin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun baş katibi Rəsul Ömərov, Nazirlik və İƏT Gənclər Forumunun nümayəndələri iştirak edib.

İƏT Gənclər Forumunun prezidenti Taha Ayhan bildirib ki, bu il Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Qarabağda, Şuşada fəaliyyət göstərəcəklər:

“İşğaldan azad edildikdən sonra qısa müddət ərzində dirçəldilən Şuşanın İƏT Gənclər Paytaxtı olması böyük əhəmiyyət daşıyır. Azərbaycanın Şuşanı azad edərkən apardığı mübarizəni, həyata keçirdiyi əməliyyatları, eyni zamanda, 44 günlük Vətən müharibəsində Azərbaycanın mübarizəsini dünyaya çatdırmaq üçün fəaliyyət göstərəcəyik. Bu işdə bizə dəstəyi üçün Gənclər və İdman Nazirliyinə təşəkkür edirəm”.

Qeyd edək ki, İƏT-in 10-cu "Gənclər Paytaxtı" seçilən Şuşa şəhərində islam dünyası gənclərinin həyatının və inkişafının bütün sahələrini əhatə edəcək - elm, mədəniyyət, idman, sahibkarlıq, sosial mühəndislik, təhsil və yaradıcı sənaye istiqamətlərinə uyğun olaraq 12-dən çox irimiqyaslı oflayn və onlayn tədbirin həyata keçirilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR