“Azərbaycan yəhudiləri hər zaman Azərbaycanın yanındadır. Hər bir azərbaycanlı vətənimizin, sərvətlərimizin talan olunmasına qarşıdır”.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bunu Laçın-Xankəndi yolunda eko-fəalların keçirdiyi etiraz aksiyasına dəstək vermək üçün əraziyə səfər edən Azərbaycan-Gürcü Səfərad Yəhudilər icmasının sədri, Bakı Yəhudi məktəbinin direktoru ravvin Zamir İsayev deyib.
O bildirib ki, əraziyə səfəri eko-fəallara dəstək vermək məqsədi daşıyır: "Hazırda durduğumuz yolda Rusiya sülhməramlılarına məxsus avtomaşınlar maneəsiz keçir. Eləcə də mülki erməni vətəndaşlar yoldan keçə bilir. Bunu bütün dünyaya yəhudi icmasının nümayəndəsi kimi bəyan edirəm. Əminəm ki, biz məqsədlərimizə nail olacağıq. Bu sərvətlər Azərbaycanın sərvətləridir, bizim xalqa məxsusdur. Bunu heç kəs bizdən icazəsiz olaraq ölkədən çıxara, istismar edə bilməz”.
Zamir İsayev qeyd edib ki, Ermənistan mediasında yolun bağlanılması, Xankəndinin blokadaya alınması ilə bağlı yayılan fikirlər absurddur: “Biz bilirdik ki, yol açıqdır, bu gün mən bunun şahidi oldum. Aksiya çox sivil qaydada keçirilir. Bizim gənclərimiz havanın şaxtalı və soyuq olmasına baxmayaraq 37 gündür ki, burada durublar. Onlar Azərbaycanın haqq səsini dünyaya çatdırırlar”.