Bank Of Baku

TƏBİB-in hesabat konfransı keçirilib, saytı və Çağrı mərkəzi təqdim edilib - FOTO

TƏBİB-in hesabat konfransı keçirilib, saytı və Çağrı mərkəzi təqdim edilib  - FOTO
# 20 dekabr 2022 11:32 (UTC +04:00)

“TƏBİB – Tibbdə müasir keyfiyyət mərhələsi: Real perspektivlər, gələcəyə baxış” adlı hesabat konfransı keçirilib.

APA xəbər verir ki, konfransda “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) 1 illik hesabatı və veb saytı təqdim edilib.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov ilk olaraq qurumun yaradılması, fəaliyyət istiqamətləri barədə konfrans iştirakçılarına məlumat verib.

O qeyd edib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin qərarı ilə 1 iyun 2022-ci il tarixindən etibarən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan ixtisaslı həkimlərin aylıq vəzifə (tarif) maaşına 800 manat məbləğində sabit həvəsləndirici əlavələr tətbiq olunur:

“Bundan əlavə ixtisaslı həkimlərin göstərdikləri tibbi xidmətlərin ölçülməsi və dəyərləndirilməsi məqsədilə həkimlərə işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr verilir. Tibb müəssisələrinin qrup və kateqoriyalarına uyğun işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələrin məbləğinə 1-1.5 intervalında əmsallar tətbiq edilir. Bununla da ixtisaslı həkimlərə ödəniləcək əməkhaqqının məbləği vergilər və digər məcburi ödənişlər çıxıldıqdan sonra vəzifə (tarif) maaşı və sabit həvəsləndirici əlavələrlə birlikdə minimum 1000 manat təşkil edir.

Eyni zamanda, ailə həkimlərinə ödənilən aylıq sabit həvəsləndirici əlavənin məbləği artırılaraq 500 manata çatdırılıb. Artım həkim-stomatoloqlar istisna olmaqla, həm ambulator, həm də stasionar şəraitdə xidmət göstərən bütün ixtisaslı həkimlərə şamil olunur. Səhiyyə işçilərinin əməkhaqlarının artımı ilə bağlı budəfəki dəyişiklikdən təxminən 19 minə yaxın səhiyyə işçisi faydalanır”.

Mətbuat Şurasının sədri Rəşad Məcid son dövrlərdə dünyada böhran vəziyyətinin idarəedilməsi prosesində sosial şəbəkələrin, eləcə də internet resuslarının əhəmiyyətini qeyd edərək, önəmli səhiyyə qurumunun internet platformasının istifadəyə verilməsini yüksək qiymətləndirib.

Tədbirdə TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova TƏBİB-in yeni yaradılan veb-saytını (www.tabib.gov.az ) təqdim edib.

“Vətəndaşlar kompüter və mobil cihazlardan saytı rahatlıqla ziyarət edə bilərlər. Demək olar ki, böyük kütlə tərəfindən istifadə edilən çox sayda cihaz ölçüləri nəzərə alınıb və cihazın ekran ölçülərinə görə uyğunlaşması təmin edilib. Ziyarətçilərin səhifələrdə yorulmadan hərəkətini əsas götürmüşük, eşitmə, görmə və hərəkət qabiliyyəti məhdud olan insanların da veb-saytımıza daxil olmaq, buradakı məlumatlardan faydalanmaq imkanı yaradılıb. Saytdakı şəxsi kabinet, laborator analizlərin nəticələri, peyvənd randevu sistemi kimi elektron xidmətlər istifadəçi rahatlığına hesablanıb” - deyə o qeyd edib.

Zamirə Ədilova əlavə edib ki, intensiv olaraq saytın funksionallığı genişləndiriləcək. Şöbə müdiri bu gündən etibarən, həm də TƏBİB-in Çağrı mərkəzinin istifadəyə verildiyini bildirib. Qeyd edilib ki, vətəndaşlar 815 qısa nömrəsinə zəng etməklə TƏBİB-ə müraciət edə bilərlər.

Tədbir bədii hissə ilə başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR