Bank Of Baku

Terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı ölkədaxili siyahıya daxil edilmə qaydası müəyyənləşir

Terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı ölkədaxili siyahıya daxil edilmə qaydası müəyyənləşir
# 30 dekabr 2022 12:06 (UTC +04:00)

Fiziki şəxslərin və qurumların ölkədaxili siyahıya (terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların Azərbaycan Respublikası məhkəmələrinin qərarları əsasında daxil edildiyi siyahı) daxil edilməsi qaydası müəyyənləşir.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hədəfli maliyyə sanksiyaları haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, aşağıdakı fiziki şəxslər və qurumlar Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdimatına əsasən məhkəmənin qərarı ilə ölkədaxili siyahıya daxil edilirlər:

- terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi əməllərinin törədilməsi, yaxud belə əməllərin törədilməsində hər hansı şəkildə iştirak etməsi və ya kömək göstərməsi, habelə həmin əməllərin törədilməsinə cəhd göstərməsi, terrorçu olması, terrorçu qrupun (dəstənin, təşkilatın) yaradılmasında və ya fəaliyyətində hər hansı formada iştirak etməsi ilə bağlı əsaslı şübhələr olan fiziki şəxslər və qurumlar;

- yuxarıda göstərilən fiziki şəxslərin və qurumların birbaşa və ya dolayı, təkbaşına və ya başqaları ilə birlikdə mülkiyyətində və ya nəzarətində olan qurumlar,

- yuxarıda göstərilən fiziki şəxslərin və qurumların adından, yaxud onların tapşırığı ilə fəaliyyət göstərən fiziki şəxslər və qurumlar.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və qurumların ölkədaxili siyahıya daxil edilməsinə dair təqdimatı Baş Prokurorluğun, "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunda nəzərdə tutulmuş nəzarət orqanlarının (bundan sonra nəzarət orqanlarının), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanların (qurumların) və ya maliyyə monitorinqi orqanının əsaslandırılmış müraciəti, həmçinin xarici dövlətin səlahiyyətli orqanının sorğusu əsasında, habelə öz təşəbbüsü ilə verir.

Təqdimata müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

Ölkədaxili siyahıya daxil edilmiş fiziki şəxs və ya qurum hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatı vasitəsilə ölkədaxili siyahıya daxil edilməsinin səbəbini öyrənmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edə bilər.

Bu Qanun qəbul ediləcəyi təqdirdə 2023-cü il fevralın 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, ölkədaxili siyahı terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların Azərbaycan Respublikası məhkəmələrinin qərarları əsasında daxil edildiyi siyahıdır.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR