“Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı” adlı konfrans keçirilib - FOTO

“Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı” adlı konfrans keçirilib - FOTO
# 22 may 2024 10:49 (UTC +04:00)

Bu gün “Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı” adlı konfrans keçirilib.

APA xəbər verir ki, konfrans Şəhriyar adına Mədəniyyət Mərkəzinin "Bənövşə" uşaq xorunun ifasında Azərbaycan Respublikasının Dövlət Himninin və Türkiyə Respublikasının “İstiqlal Marşı”nın səsləndirilməsi, Türk dünyası şəhidlərinin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar konfrans iştirakçılarına videomüraciət ünvanlayıb.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə bildirib ki, Şimali Kipr Türk Cümhuriyyətindən ilk dəfə şəhid ailələrinin Azərbaycana səfəri iki ölkə arasında uğurla inkişaf edən əlaqələrdə mühüm körpüdür. O, layihəyə dəstək verdiyi üçün Azərbaycan Respublikasının QHT-lərəDövlət Dəstəyi Agentliyinə təşəkkür edib:

“Türk dünyası ilə əlaqələr getdikcə genişlənir. Biz bir ailəyik, kökümüz, dilimiz, dinimiz, yolumuz eynidir. Birlikdə daha güclüyük! Şəhidlərimiz də bir-birimiz üçün müqəddəsdir. Onları sonsuz sevgi, hörmət və ehtiramla anırıq”.

Sevinc Alızadə onu da deyib ki, son vaxtlar nümunəvi QHT layihələri bir-birini əvəz edir:

“Bu, Azərbaycan vətəndaş cəmiyyətinin həyatında yeni inkişaf mərhələsinə keçidə işarədir”.

Şimali Kipr Türk Cümhuriyyətinin “Şəhid Ailələri və Qazilər Dərnəyi”nin sədri Gürsel Benan bildirib ki, belə ortaq layihələr şəhid ailələrinin sevincini artırır, kədərini azaldır.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva qeyd edib ki, Agentlik bu cür nümunəvi QHT layihələrinin donoru olmaqdan böyük məmnunluq duyur:

“Agentlik türk dünyası ilə əlaqələrin daha da genişləndirilməsi üçün uğurlu layihələri bundan sonra da dəstəkləyəcək”.

Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı Ofeliya Salmanova türk dünyasının haqlı olaraq qəhrəman övladları ilə fəxr etdiyini vurğulayıb.

Şimali Kipr Türk Respublikası prezidentinin QHT-lərlə əlaqələr üzrə müşaviri Latif Akça iki qardaş ölkə arasında münasibətlərin inkişafında QHT-lərin vacib rol oynadığını qeyd edib.

Şimali Kipr Türk Respublikasının Bakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer, Azərbaycan-ŞKTR Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu, millət vəkilləri və digərləri çıxışlarında bu kimi tədbirlərin əhəmiyyətini vurğulayıblar.

Tədbirin sonunda “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə Şimali Kipr Türk Respublikasının İstanbul Texniki Universitetinin Şimali Kipr filialı və “Amerikan Girne Universiteti” arasında əməkdaşlıq protokolları imzalanıb.

Bu protokollar bu ilin iyul ayında Azərbaycandan 10 nəfər şəhid övladının İstanbul Texnik Universitetinin Şimali Kipr filialında, 20 nəfər şəhid övladının isə Amerikan Girne Universitetində 14 gün yay məktəblərində iştirakını nəzərdə tutur. Azərbaycandan olan şəhid övladlarının yay məktəbləri üçün bütün xərcləri qeyd olunan ali məktəblər ödəyəcək. Bu qərarlar konfransda alqışlarla qarşılanıb. Heyətin tərkibində iştirak edən İstanbul Texnik Universitetinin Şimali Kipr filialının rektoru Dursun Koç, Girne Amerikan Universitetinin dekanı Boğaçhan Bayülken Qarabağın azadlığa qovuşmasının bütün türk dünyasını fərəhləndirdiyini bildiriblər.

Qeyd edək ki, şəhid ailələrindən ibarət heyət Azərbaycana səfər çərçivəsində Şamaxı, Şuşa, Xocalı və Ağdamda da olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR