“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” üzrə kimlər ki, bakalavriat səviyyəsi üzrə eyni balı toplayıb, son mərhələyə gəlir, onlar arasında ilk sıralamada yüksək texnologiyalar ixtisası əsas götürüləcək.
APA xəbər verir ki, bunu 2019-2023-cü illər üzrə Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova bildirib.
Onun sözlərinə görə, dil sertifikatı üzrə balı 8+ olanlara da üstünlük veriləcək:
“Magistratura səviyyəsində əsasən qeyd etdiyimiz meyarlar üstünlük təşkil edəcək. Magistratura üzrə bir tələb də var ki, əgər tələbə xaricdə bakalvr təhsili alıbsa, onun təhsil aldığı universitet beynəlxalq reytinq cədvəlində 500-lükdə olmalıdır. Tələbə ilk bir neçə kurs oxuyub təhsilini bu proqram çərçivəsində davam etdirə də bilər. Azərbaycanda olmayan tələbələr bu proqrama onlayn formada müraciət edə bilərlər“.
Turan Topalova başqa proqramla xaricdə magistratura təhsili alan şəxslərin “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na müraciət etmə şərtlərini də açıqlayıb. O deyib ki, şəxs əgər dövlət hesabına olmayan proqramla magistratura təhsili alıbsa, yenidən Dövlət Proqramı üçün müraciət edə bilər:
“Amma dövlət hesabına xaricdə təhsil alan şəxslərin bu Dövlət Proqramına müraciət etməsində məhdudiyyətlər olacaq”.